İran Xarici İşlər Nazirliyi Britaniya və Fransa hərbi gəmilərinin Hörmüz boğazında yerləşdirilməsinin Tehran tərəfindən qəti və dərhal cavablandırılacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qarib-Abadi açıqlama verib.
O bildirib ki, Fransa Böyük Britaniya ilə birlikdə Hörmüz boğazı bölgəsində gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə birgə missiyaya hazırlıq üçün “Şarl de Qoll” aviadaşıyıcısını Qırmızı dəniz və Ədən körfəzinə göndərib. London da bölgəyə hərbi gəmi yollayacağını elan edib.
İranlı diplomat xarici hərbi gəmilərin Hörmüz boğazı yaxınlığında yerləşdirilməsini gərginliyin artırılması kimi qiymətləndirib və regionun təhlükəsizliyinin yalnız Tehran tərəfindən təmin oluna biləcəyini vurğulayıb.
“Fransa və Britaniya gəmilərinin, eləcə də digər ölkələrin gəmilərinin ABŞ tərəfindən Hörmüz boğazında beynəlxalq hüququn pozulmasına və qanunsuz fəaliyyətlərə mümkün dəstək məqsədilə bölgədə olması İran İslam Respublikasının Silahlı Qüvvələrinin qəti və dərhal cavabı ilə qarşılaşacaq”, - deyə Qarib-Abadi “X” sosial şəbəkəsində yazıb.