İsrail fövqəladə rejimə keçir: 10 min hərbçi ilboyu evində silahla yaşayacaq

İsrail ordusu mümkün qəfil hücuma qarşı hazırlıq səviyyəsini artırmaq məqsədilə təxminən 10 min ehtiyat hərbçinin evlərində tam təchizatlı şəkildə silahlandırılmasını nəzərdə tutan yeni plan hazırlayıb.

Sherg.az xəbər verir ki, "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, sözügedən plan ordunun təxminən bir il əvvəl yaratdığı, ehtiyat hərbi xidmətini başa vurduqdan sonra yenidən könüllü qayıdan 40-60 yaş arası yaşlı ehtiyatçılardan ibarət “David Diviziyası” ətrafında formalaşdırılıb.

Plana əsasən, diviziyanın hər bir əsgərinə tam doldurulmuş daraqlar, dəbilqə və döyüş jileti ilə birlikdə M4 tipli tüfəng evində saxlaması üçün veriləcək.

Məlumata görə, bu plan İsrailin 7 oktyabr 2023-cü il hadisələrinə bənzər vəziyyətlə üzləşməsi halında diviziyanın istənilən an döyüşə hazır olmasını təmin etməyi hədəfləyir.

Bu isə həmin diviziyadakı ehtiyat hərbçilərin ilboyu evlərində uzun lüləli silah saxlaması deməkdir.

Plana görə, bu ehtiyatçılar ildə cəmi bir neçə həftə forma geyinəcəklər. Bu da silahın çox vaxt onların şəxsi əşyası kimi qalması, özlərinin isə faktiki olaraq mülki statusda olması anlamına gəlir.

İsrail ordusu əvvəllər məzuniyyət dövrlərində silahlarla bağlı baş verə biləcək təhlükəsizlik hadisələri və ya oğurluq risklərinə görə ehtiyatçıların silahları ilə evə qayıtmasına icazə vermirdi. Lakin 7 oktyabrdan sonra ordunun bu siyasətində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunur.

Qəzetin yazdığına görə, İsrail ordusunda ehtiyat hərbçilərin sayı təxminən 400 min nəfərdir.