İsrailin maliyyə nazirinin Fransaya girişinə qadağa qoyulub

Fransa İsrailin maliyyə naziri Betsalel Smotriçə qarşı sanksiyalar tətbiq edib və onun ölkəyə girişinə qadağa qoyub.

"Report" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, sanksiyalar İordan çayının Qərb sahilində İsrail və Fələstin arasında yaranmış ərazi məsələləri, eləcə də israilli köçkünlərlə yerli ərəb əhalisi arasında müntəzəm baş verən toqquşmalarla əlaqədar tətbiq edilib.

"Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçdən olan tərəfdaşlarımızla birlikdə bu gün Qərb sahilində zorakılığın kəskinləşməsinə görə cavabdeh olan şəxslərə qarşı yeni sanksiyalar tətbiq edirik. Milli səviyyədə nazir Betsalel Smotriçin ərazimizə girişinə qadağa qoymuşuq", - o yazıb və qeyd edib ki, qadağa həmçinin köçkünlər təşkilatının dörd rəhbərinə də şamil edilir.

Barro vurğulayıb ki, Smotriç "Qərb sahilinin ilhaqını, Qəzza zolağının müstəmləkələşdirilməsini, eləcə də Fələstinin iqtisadi çöküşünü" fəal şəkildə təşviq edir.

"Bu, iki dövlətli həll ideyasına qətiyyətlə sadiq olan beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin qəbul edə bilmədiyi siyasətdir", - o bildirib.