Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin İranla bağlı münaqişəyə yanaşmasının vəziyyətin nizamlanmasına töhfə vermədiyini bildirib.
Sherg.az xəbər verir ki, Lavrov bu barədə Bəhreynin Manama şəhərində keçirilən Rusiya–Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası strateji dialoqunun IX raundunun yekunlarına dair mətbuat konfransında danışıb.
O, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun İran rəhbərliyini dəfələrlə məhv etdiyinə dair açıqlamalarını xatırladıb.
“Tramp açıq şəkildə deyir ki, İranın bütün rəhbərliyini məhv ediblər. Yeni rəhbərlik təyin olunub, onu da məhv ediblər. İndi isə üçüncü rəhbərlik var, lakin onların orada kimin nə etdiyini və kimin qərar verdiyini anlamırıq”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu cür yanaşma qarşılıqlı hörmət və beynəlxalq hüquq əsasında razılaşmaların əldə olunmasına kömək edə bilməz.
Hörmüz boğazındakı vəziyyətə toxunan Lavrov münaqişənin ilkin səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.