Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsə nail olub

ABŞ-ın birinci xanımı Melaniya Trampın koordinasiyası ilə Rusiyanın nəzarətində olan Oleşki şəhərində Rusiya və Ukrayna qüvvələri arasında müvəqqəti atəşkəs elan edilib.

Sherg.az xəbər verir ki, Ağ Evin açıqlamasına əsasən, atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək. Tərəflər humanitar yardımın çatdırılmasına və mülki əhalinin təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə şərait yaratmaq üçün şəhərdə hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılaşıblar.

Melaniya Tramp Oleşkidə vəziyyətin ağır olduğunu, şəhərdə əsasən yaşlılar və uşaqlar olmaqla 1 700–2 000 nəfərin qaldığını bildirib. Onun sözlərinə görə, sakinlərin təcili tibbi yardıma, dərmanlara, ərzağa və təmiz suya ehtiyacı var.

Atəşkəs çərçivəsində hər iki ölkədən mülki qruplar sakinlərin vəziyyətini qiymətləndirəcək və Rusiyaya və ya Ukraynaya köçmək istəyənlərin təxliyəsini əlaqələndirəcək. Müharibədən əvvəl şəhərdə təxminən 24 min nəfər yaşayırdı.