Mələk, yoxsa şeytan? - Mask haqqında yeni sənədli film müzakirələrə səbəb oldu

Qaydaları pozan dahi kimi tanınan, eyni zamanda ziddiyyətli davranışları ilə diqqət çəkən İlon Mask haqqında yeni sənədli film milyarderlə bağlı əsas sualı yenidən gündəmə gətirib: “O, vizionerdir, yoxsa saxtakardır?”

Sherg.az xəbər verir ki, “Tesla”, “SpaceX” və “X” platformasının sahibi İlon Mask haqqında çəkilən “Mask” sənədli filminin premyerası Venesiya Film Festivalında baş tutub. “Oskar” mükafatlı rejissor Aleks Gibni tərəfindən çəkilən film Maskın biznes karyerasını, kosmos və enerji ilə bağlı iddialı layihələrini, eləcə də siyasi əlaqələrini araşdırır.

Gibni bildirib ki, filmin əsas məqsədi Mask haqqında formalaşmış “həqiqətə uyğun olmayan” təsəvvürləri üzə çıxarmaqdır. Rejissor milyarderin əvvəlcə heyranedici görünən hədəflərinin zaman keçdikcə dəyişdiyini və onun siyasi fəaliyyətində “tanışlıq və himayəyə əsaslanan kapitalizm” elementlərinin önə çıxdığını iddia edib.

Sənədli filmdə Maskın şəxsi həyatı və müxtəlif qadınlardan olan uşaqları da geniş şəkildə işıqlandırılıb. Onun keçmiş sevgilisi Eşli Sent-Kler isə Maskın “X” platformasındakı paylaşımlarının cəmiyyətdə qarşıdurmanı daha da gücləndirdiyini bildirib.

Mask isə sənədli filmin müəlliflərini qərəzli olmaqda və ona qarşı qarayaxma kampaniyası aparmaqda ittiham edib. O, filmdə özünə qarşı şəxsi kin bəslədiyini düşündüyü şəxslərin fikirlərinə üstünlük verildiyini bildirib və ekran əsərinin yaradıcılarına qarşı hüquqi addımlar atıla biləcəyinə işarə edib.