Misirin keçmiş xarici işlər naziri Nəbil Fəhmi Ərəb Liqasının yeni baş katibi seçilib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.
Fəhminin təyinatı Ərəb Xarici İşlər Nazirlərinin 165-ci sessiyasında üzv dövlətlərin razılığı ilə təsdiqlənib.
O, rəsmi olaraq vəzifəsinin icrasına 1 iyulda başlayacaq. Fəhmi beynəlxalq münasibətlərdə onilliklər boyu karyerası olan ərəb dünyasının ən görkəmli diplomatlarından biri hesab olunur.
1951-ci ildə anadan olan Fəhmi Misirin mərhum xarici işlər naziri İsmayıl Fəhminin oğludur.
O, 30 iyun 2013-cü ildən 2014-cü ilin iyun ayına qədər Misirin xarici işlər naziri vəzifəsində çalışıb.
Fəhmi 1999-2008-ci illərdə Misirin ABŞ və Yaponiyada səfiri olub.
Qeyd edək ki, Ərəb Liqasının hazırkı baş katibi Əhməd Əbul Qeytdir.