Müctəbanın ölüb-ölməməsi müharibəyə heç bir təsir göstərməyəcək - ŞƏRH

Əksinə, bu vəziyyət mühafizəkar qrupların qisas çağırışları altında birləşməsinə yol açacaq

ABŞ və İsrailin istiqaməti düzgün seçilməyib. ABŞ və İsrail liderləri öldürməklə, xalqı özlərinə qarşı qaldıracaqlar

ABŞ-nin fevralın 28-də İrana hücumları ilə başlayan müharibə hələ də davam edir. Zaman keçdikcə səngimək əvəzinə daha da kəskinləşən münaqişə, İranın siyasi və hərbi elitasında itkilərin artması ilə müşayiət olunur. Hücumların ilk çağında İranın ali dini lideri Əli Xamnei ailəsinin bir neçə üzvü ilə birlikdə öldürüldü. Qısa müddət sonra onun oğlu Müctəba Xamnei İranın yeni rəhbəri elan olundu. Atasından fərqli olaraq, Möctəba, indiyədək “kölgədə qalan” fiqur kimi tanınıb. O, nə siyasi tribunlarda görünən, nə də ictimai çıxışları ilə yadda qalan simadır. İran siyasətinin ən qapalı və müəmmalı şəxslərindən biri kimi dəyərləndirilən yeni rəhbərin, hakimiyyətə gəlişi bir çox sualları da özü ilə gətirib. Müctəbanın, son 2 həftə ərzində yalnız sosial platformalarda yazılı açıqlamalar verdiyi görünür. Onun ictimaiyyət qarşısına çıxmaması öldüyü və ya ağır yaralandığı ilə bağlı ehtimalları gücləndirib. ABŞ prezidenti Donald Tramp isə müsahibəsində, Müctəbanın öldüyünü və ya son dərəcə ağır vəziyyətdə olduğunu söyləyib. O, ali rəhbər barədə uzun müddət heç bir məlumatın olmadığını dilə gətirib. 

Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a bildirib ki, İranın bir çox hərbi-siyasi liderləri, dini rəhbər Əli Xamnei də daxil olmaqla İsrail ilə ABŞ-nin hücumlarının qurbanına çevrilib:

“Bu səbəbdən, yeni liderin təhlükəsizliyinin qorunması üçün onun yerləşdiyi yer gizli saxlanılır. ABŞ prezidentinin sərt açıqlamaları İran xalqının motivasiyasını zəiflətmək və ölkə daxilində parçalanma riskini artırmaq məqsədini daşıyır. İranda mövcud rejim yalnız ali rəhbərin varlığı üzərində qurulmayıb. Bir çoxları, İranın siyasi sisteminin mahiyyətinə dərindən bələd olmadıqları üçün ölkəni yalnız teokratik quruluş kimi qiymətləndirir. Əslində bu sistem illərdir ki, "biət institutu"ndan törəyən idarəetmə prinsipinə söykənir. Nəticə etibarilə, "məxfi idarəetmə" və "gizli qruplaşma" anlayışları sistemin təbii komponentləri sayılır”.  

Politoloqun sözlərinə görə, İran cəmiyyətində “qeybə çəkilmiş imam” inancı insanların real hadisələri başa düşməsinə kömək edən çərçivə rolunu oynayır:

“Ona görə də, Möctəba Xameneinin sağ olub-olmadığı barədə məlumatlar gizli saxlanılır. Digər tərəfdən isə ABŞ prezidenti Müctəba haqqında dedikləri ilə özünü çətin vəziyyətə salmış oldu. Onun Xameneinin hazırkı vəziyyəti barədə dəqiq məlumata sahib olmaması, ABŞ kəşfiyyat sisteminin imicinə zərbə vurdu. ABŞ və İsrail rəhbərliyi güman edirlər ki, problemlərin dərinləşməsində ali rəhbərin rolu yüksəkdir. Yəni, rəhbəri öldürməklə İranın təslim olacağını düşünürlər. Əslində İran bir neçə istiqamətdə şuralar tərəfindən idarə olunur. Onların təsir imkanlarını sarsıtmaq çətindir”. 

T.İrfan bildirib ki, ali rəhbərin ölüb-ölməməsi müharibənin gedişatına heç bir təsir göstərməyəcək:

“Trampın açıqlaması, İsrail və ABŞ-nin Müctəbanın arxasınca düşdüyünü ortaya qoydu. Ali rəhbərin yerinin üzə çıxması halında, həmin ərazinin hədəfə alınması ehtimalı yüksəkdir. Ancaq onun öldürülməsi situasiyanı dəyişməyəcək. Əksinə, bu vəziyyət mühafizəkar qrupların qisas çağırışları altında birləşməsinə yol açacaq. İranda 10-15 yüksək səviyyəli lider aradan götürülsə belə, mövcud sistemin strukturunda fundamental dəyişiklik olmayacaq. Çünki ABŞ və İsrailin istiqaməti düzgün seçilməyib. ABŞ və İsrail liderləri öldürməklə, xalqı özlərinə qarşı qaldıracaqlar. Bu isə onların maraqlarını qorumaq və ya sistemi islahata məcbur etmək anlayışını sarsıdacaq”.