Münaqişənin mərkəzi dəyişdi, artıq hər şey Hörmüz uğrundadır - Politoloq

“Beynəlxalq hüquq kənarda qaldı, güc oyunu başlayıb. Neft qiymətləri təsadüfən artmır” 

Yaxın Şərqdə gərginlik artdıqca diqqət yenidən qlobal enerji təhlükəsizliyinin əsas nöqtələrindən biri olan Hörmüz boğazına yönəlir. Son xəbərlər göstərir ki, İranın bu strateji su yolunda nəzarəti gücləndirməsi və keçidlərə məhdudiyyətlər tətbiq etməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

ABŞ və İsrail boğazın açıq qalmasını vacib hesab etdiyi halda, Tehran bu üstünlükdən siyasi və iqtisadi təzyiq aləti kimi istifadə edir. Bu qarşıdurma isə artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, qlobal enerji bazarına birbaşa təsir göstərən geosiyasi mübarizə kimi qiymətləndirilir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a söyləyib ki, İran-ABŞ-İsrail qarşıdurması artıq rejimin çökdürülməsi məsələsindən daha çox Hörmüz boğazına nəzarət uğrunda mübarizəyə çevrilir. 

“ABŞ üçün əsas məqsəd boğazın açıq qalmasıdırsa, İran üçün onun bağlı saxlanılması və öz nəzarəti altında qalması strateji əhəmiyyət daşıyır. Münaqişə başladığı gündən bu günə qədər Hörmüz faktiki olaraq İranın nəzarəti altındadır. İran istədiyi gəmilərin keçidinə icazə verir, istəmədiklərini isə buraxmır. Bu isə təbii olaraq dünya enerji bazarına və neft qiymətlərinə ciddi mənfi təsir göstərir. Burada əsas suallardan biri İranın bu addımlarının beynəlxalq hüquqa nə dərəcədə uyğun olub-olmamasıdır. 1982-ci il Dəniz Hüququ Konvensiyasına görə, Hörmüz boğazı beynəlxalq su yolu hesab olunur. Lakin İran bu konvensiyanı imzalamadığı üçün özünü həmin öhdəliklərə bağlı saymır. İran tərəfi də bunu məhz bu şəkildə izah edir. Hətta İran parlamenti Hörmüz boğazında rüsumların tətbiqi ilə bağlı qanun qəbul edib və ödənişlərin müxtəlif valyutalarla aparılması məsələsini gündəmə gətirib.Bu, İran üçün daxili hüquqi mexanizm hesab oluna bilər. Amma faktiki vəziyyət ondan ibarətdir ki, İran fiziki olaraq bu marşruta nəzarət edir və güc yolu ilə öz mövqeyini davam etdirir. Bu isə beynəlxalq hüququn real tətbiqi məsələsini sual altına qoyur.

Analitik qeyd edib ki, Hörmüz boğazı dünyada ən mühüm strateji dəniz yollarından biridir:

“ Süveyş kanalı, Babül-Məndəb, Malakka, Panama və Magellan kimi keçidlər ilə yanaşı, dünya iqtisadiyyatının əsas enerji arteriyalarından hesab olunur. Bu marşrutların hər hansı birində gərginlik neft, qaz və digər xammal qiymətlərinə dərhal təsir edir. İran da məhz bu strateji üstünlükdən istifadə edərək ABŞ və İsrail üzərində təzyiq yaratmağa çalışır. Neft qiymətlərində artım göstərir ki, müəyyən mənada bu taktika işləyir. Enerji qiymətlərinin yüksəlməsi dünya dövlətlərini daha ehtiyatlı davranmağa və Vaşinqtona təsir göstərməyə sövq edə bilər ki, bu da İranın mövqeyini gücləndirir. Hazırda ödəniş mexanizmi daha çox güc yolu ilə tətbiq olunur. Gələcəkdə bunun beynəlxalq səviyyədə qəbul edilib-edilməyəcəyi və ya İranın geri addım atıb-atmayacağı hadisələrin inkişafından asılı olacaq. İran tərəfi isə bildirir ki, məqsəd ABŞ və İsrail üçün əvvəlki status-kvonu dəyişməkdir. Nə qədər davam edəcəyi isə yaxın dövrdə geosiyasi proseslərin gedişindən asılı olacaq”.