Xəzər üçün SOS: Mütəxəssis təcili fəaliyyət planı çağırışı edir

Suyun səviyyəsinin bərpası Rusiyanın qərarından asılıdır

Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxaql tədbirdə Xəzərin dayazlaşması problemi də qabardılıb. Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, Azərbaycanda mühafizəolunan ərazilərin son dövrdə 10%-dən daha çox genişlənməsinə nail olunub:

“Bu gün Ümumdünya Ətraf Mühit Gününü təntənəli qeyd edirik. Regionumuzun incisi olan Xəzər dənizinin səviyyəsinin azalması əsas problemlərdən biridir. Məsələnin qlobal gündəliyə çıxarılması üçün fəaliyyətimizi davam etdiririk".

Ekoloq-hidroloq Rövşən Abbasov “Sherg.az”a bildirdi ki, Xəzəri sağlamlaşdırmaq, dayazlaşmanın qarşısını almaq üçün konkret fəaiyyət planı işlənməlidir. Fəaliyyət planının da əsas məsulu Rusiya olmalıdır: 

- Çünki Xəzərin suyunun 80 faizi Rusiyadan Volqa çayı vasitəsiylə gəlir. Fəaliyyət planında konkret göstərilməlidir ki, Volqadan götürüləcək suyun miqdarı hansı ildə nə qədər azaldılacaq və bu Xəzərin səviyəsinini nə qədər artımına səbəb olacaq. Belə bir Fəaliyət planı qəbul olunsa, Xəzərin səviyyəsi ilə bağlı müsbət dəyişikliyə ümid edə biləcəyik, yox əgər qəbul olunmasa, çox çətindir. Bununla yanaşı, tullantı sularının Xəzərə axıdılması, sahilyanı zonalarda eko-sistemin pozulması, xaotik tikintilər də zərərli təsirini göstərir.