Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin hər zaman yaxşı olduğunu və bu vəziyyətin dəyişməyəcəyini bildirib.
Sherg.az xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə danışıb.
Paşinyanın sözlərinə görə, tərəflər arasında müəyyən fikir ayrılıqlarının olmasına baxmayaraq, bu, münasibətlərin soyuması demək deyil.
“Rusiya ilə təmaslarımızda heç nə dəyişməyib. Müəyyən işgüzar mühit və münasibətlər mövcuddur. Hətta diplomatik sahədə və ya birgə gündəliyimizdə fikir ayrılıqları yarandıqda belə, bu, bir-birimizdən inciməyimiz və ünsiyyəti dayandırmağımız demək deyil”, - baş nazir qeyd edib.
Paşinyan Rusiya tərəfi ilə münasibətlərin bundan sonra da yaxşı qalacağına əminliyini ifadə edib.
Atom elektrik stansiyası ilə bağlı məsələyə toxunan hökumət başçısı İrəvanın qiymət, keyfiyyət və icra müddəti baxımından ən əlverişli variantı axtardığını deyib. O vurğulayıb ki, bu məsələ siyasiləşdirilmir.
Baş nazir dəmir yolu ilə bağlı qərar axtarışlarının da davam etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya tərəfdaşları uyğun təkliflə çıxış edərlərsə, Ermənistan həmin variantı nəzərdən keçirməyə hazırdır.
“Kim daha yaxşı təklif irəli sürsə, biz də həmin təklifin üzərində dayanacağıq”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, Paşinyan Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.