Polşanın keçmiş ədliyyə naziri ABŞ-a köçüb, amma AXTARIŞDADIR

Polşanın keçmiş ədliyyə naziri Zbiqnev Zyobro, Macarıstanda siyasi sığınacaq aldıqdan sonra ABŞ-a köçüb. Varşava hakimiyyəti isə onun geri qaytarılması üçün hüquqi prosedura başlamağa hazırlaşır.

Sherg.az xəbər verir ki, Zyobro hazırda ABŞ-da olduğunu təsdiqləyib və orada qalmaq istədiyini bildirib.

Polşanın ədliyyə naziri Valdemar Jurek deyib ki, Zyobronun ABŞ-da olduğu rəsmən təsdiqlənərsə, onun Polşaya ekstradisiyası üçün müraciət ediləcək. Zyobro isə "müstəqil Amerika məhkəməsi” qarşısına çıxmağa hazır olduğunu bildirib.

Məlumata görə, Macarıstanın baş naziri Peter Macar vəzifəyə başladığı ilk gündən Zyobronun Polşaya qaytarılması prosesini başlatmağa söz verib.

Zbiqnev Zyobro və keçmiş müavini Marçin Romanovski Polşada bir sıra cinayət işləri üzrə ittiham olunurlar. Zyobro əvvəllər həm ədliyyə naziri, həm də baş prokuror vəzifələrində çalışıb.

2023-cü ildə "Hüquq və Ədalət” partiyası hakimiyyəti itirdikdən sonra o, Ədalət Fondunun fəaliyyəti ilə bağlı istintaqın əsas fiqurlarından birinə çevrilib.

İstintaqın məlumatına görə, fondun vəsaiti hesabına İsrail istehsalı olan “Pegasus” casus proqramı alınıb və bu proqramdan siyasi rəqibləri və jurnalistləri izləmək üçün istifadə edilib.

“Hüquq və Ədalət” partiyası 2023-cü il parlament seçkilərində müxalifətdəki “Vətəndaş Koalisiyası”na məğlub olub.

Zyobro bu ilin yanvar ayında Macarıstanda siyasi sığınacaq almışdı. O, Polşa hakimiyyətini siyasi təqiblərdə ittiham edib. Macarıstanın keçmiş baş naziri Viktor Orban isə bildirib ki, Budapeşt siyasi təzyiqə məruz qalan şəxslərə sığınacaq verir.

Zyobro 2025-ci ilin noyabrında toxunulmazlıq hüququndan məhrum edilib.