ABŞ Prezidenti Donald Trampın “daxili rusofobiyası” yoxdur və o, Rusiya ilə ciddi münasibətlər saxlamaq istədiyi bir dövlət kimi danışır.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puçkov TASS-a müsahibəsində bildirib.
Puçkovun sözlərinə görə, Tramp -sabiq prezident Co Baydendən fərqli olaraq Rusiyanı, onun xalqını və rəhbərliyini təhqir etmir. O, bəzən tənqidi ifadələr işlətsə də (“məyus oldum”, “narazıyam”), Rusiya haqqında hörmətlə danışır və onu ciddi münasibətlər qurmaq istədiyi dövlət kimi təqdim edir.
Puçkov qeyd edib ki, Trampın əvvəlcədən formalaşmış proukrayna, antirusiya və ya proavropa gündəliyi yoxdur. Onun əsas gündəliyi Amerikanın hər zaman hadisələrin mərkəzində olmasıdır.
“Tramp üçün biz strateji rəqibik. Amma vacib bir məqam var: əgər Tramp bizə və Putinə qarşı çevrilmək üçün bəhanə axtarsaydı, bunu çoxdan edərdi. Əgər bunu etmirsə, deməli, bəhanə axtarmır”, - deyə Puçkov vurğulayıb.