Putini qəzəbləndirən “Ağ kitab”: Orada yazılanlara görə ilk dəfə bunu etdi

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın yeni hərbi siyasətinə cavab olaraq, ilk dəfə Kuril adalarına səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) məqaləsində deyilir.

Vladimir Putin avqustun 13-də Kuril arxipelaqının ən böyük adası olan və Yaponiyanın öz ərazisi hesab etdiyi İturupa səfər edərək, burada bir sıra görüşlər keçirib. Kreml rəhbəri Saxalin vilayətinin qubernatoru Valeri Limarenko, Sakit Okean Donanmasının baş komandanı admiral Viktor Lina, Saxalin vilayəti üzrə Sərhəd Xidmətinin rəisi Sergey Maxorin və Rusiyanın 68-ci Ordu Korpusunun komandanı Aleksey Şvedovla görüşüb.

68-ci Korpusun bölmələri Ukraynadakı hərbi əməliyyatlarda iştirak edir.

İnstitutun ekspertləri hesab edirlər ki, Putinin Kuril adalarına səfəri Tokionun avqustun əvvəlində dərc etdiyi “2026-cı il Müdafiə üzrə Ağ Kitab”a Kremlin reaksiyasıdır və Yaponiya Baş naziri Sanae Takaiçinin ölkənin müdafiə potensialını gücləndirməyə yönəlmiş səylərini zəiflətmək məqsədi daşıyır.

Putin “Ağ kitab”ı Rusiyanın burada Yaponiyaya qarşı əsas təhdidlərdən biri kimi qiymətləndirilməsinə görə tənqid edib. Kreml sahibi çıxışlarında Rusiyanın bütün sərhədləri boyunca, bütün ərazisində təhlükəsizliyi təmin etməsinin zəruriliyini vurğulayıb. Bu bəyanat “Ağ Kitab”da qeyd edildiyi kimi, Yaponiyanı cavab olaraq hərbi təyyarələrini havaya qaldırmağa məcbur edən Rusiyanın tez-tez həyata keçirdiyi hava əməliyyatları fonunda xüsusi diqqət çəkir.

Takaiçi Putinin İturup adasına səfərini sərt şəkildə pisləyərək, Yaponiyanın Kuril adaları ilə bağlı iddialarını bir daha vurğulayıb. Rəsmi Tokio Putinin mübahisəli İturup adasına səfərinə cavab olaraq atılacaq addımları nəzərdən keçirir.

ABŞ, Avropa dövlətləri və digər müttəfiqləri baş verənlər fonunda Yaponiyaya dəstək bəyanatları veriblər.

Rusiya və Yaponiya İkinci Dünya müharibəsinin başa çatmasından bəri hələ də rəsmi sülh müqaviləsi imzalamayıb və Yaponiyanın “Şimal əraziləri” adlandırdığı Kurillə bağlı mübahisə davam edir. Yaponiya hökuməti 2022-ci ilin yazında illik diplomatik informasiya kitabçası olan “Diplomatik Mavi Kitab”a Şimal əraziləri - İturup, Kunaşir, Şikotan və Xabomay adaları ilə bağlı “qanunsuz işğal edilmiş” ifadəsini yenidən daxil edib.