Putinin mesajını Zelenskiyə kim çatdırıb? - Adı açıqlandı

Volodimir Zelenski Kiyevdə Ukrayna rəhbərliyi ilə görüş keçirən rusiyalı iş adamının kimliyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Zelenski bu barədə Britaniyanın "Sky News" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, söhbət rusiyalı milyarder Roman Abramoviçdən gedir.

"Abramoviç Kiyevə gəlmişdi", - deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, iş adamı ona Rusiya Prezidenti Vladimir Putindən mesaj çatdırıb.

Zelenski qeyd edib ki, görüş zamanı Ukraynadakı vəziyyət və mümkün kompromislər müzakirə olunub. Onun sözlərinə görə, danışıqlarda Donbasla bağlı hər hansı güzəşt variantları rədd edilib.

Xatırladaq ki, daha əvvəl Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda adını açıqlamadığı bir rusiyalı iş adamının mayın 21-də Zelenski ilə görüşdüyünü bildirmişdi. Kremlin nümayəndələri həmin şəxsin adını rəsmi şəkildə açıqlamamışdılar.