Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov

  • “Böhran dərinləşdikcə hakimiyyəti ələ keçirmək istəyən qruplar fəallaşacaq” 

Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə dördüncü ilinə yaxınlaşdığı bir vaxtda Kremlin gələcəyi ilə bağlı proqnozlar yenidən beynəlxalq müzakirələrin mərkəzinə çıxıb. Müharibənin uzanması, hərbi itkilərin artması, iqtisadi sanksiyaların təsiri və cəmiyyət daxilində narazılığın güclənməsi fonunda Prezident Vladimir Putinin hakimiyyətinin perspektivi barədə fərqli qiymətləndirmələr səsləndirilir.

“Forbes” nəşrinin yazarı və siyasi analitik Melik Kaylan hesab edir ki, Putin 2022-ci ildən bəri davam edən müharibənin ən ağır siyasi böhranı ilə üz-üzədir. Onun fikrincə, Ukraynanın Rusiyanın hərbi və yanacaq infrastrukturuna müntəzəm zərbələri, xüsusilə Krım və digər bölgələrdə yaranan yanacaq qıtlığı, səfərbərlikdə yaşanan çətinliklər, eləcə də ölkə daxilində narazılığın artması Kremlin mövqeyini ciddi şəkildə zəiflədir. Kaylan vurğulayır ki, avtoritar rejimlərdə legitimliyin əsas dayağı güc və sabitlik görüntüsüdür. Bu etimad sarsıldıqda isə hakimiyyət daxilində parçalanma və rəhbərliyin dəyişməsi ehtimalı artır.

Analitik Putinin hakimiyyətdən getməsi ilə bağlı bir neçə mümkün ssenarinin mövcud olduğunu qeyd edir. Bunlara Kreml daxilində saray çevrilişi, müharibənin uğursuz nəticələrinə görə məsuliyyətin bir nəfərin üzərinə qoyulduğu nümayiş xarakterli məhkəmə prosesi və ya hakimiyyət elitasının yeni siyasi fiqur ətrafında birləşməsi daxildir. Kaylanın qənaətincə, hazırkı mənfi tendensiyalar dəyişməz qalarsa, Putin yaxın üç il ərzində hakimiyyətini itirə bilər.

Məsələni analiz edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a deyib ki, uzun müddətdir davam edən genişmiqyaslı hərbi əməliyyatlar, böyük itkilərlə müşayiət olunan müharibə və hazırda yaşanan enerji böhranı nəticəsində Rusiyada sosial-siyasi gərginlik artmaqdadır:

“Təbii ki, bu amillər Putinin reytinqinin aşağı düşməsi üçün ciddi səbəblər yaradır. Belə olan halda, təkcə müxalifət deyil, hakimiyyət daxilindəki müxtəlif güc qrupları da vəziyyəti diqqətlə izləyirlər. “Kreml qüllələri” bu böhrandan çıxış yolu kimi hakimiyyət dəyişikliyi variantını da nəzərdən keçirə bilərlər. Əsas gərginlik və əsas təhlükə də məhz bundan ibarətdir. Artıq buna bənzər proseslər əvvəllər də baş verib. Məsələn, Priqojinin qiyamı, müxtəlif kadr dəyişiklikləri bunu göstərir. Proseslər davam edir və təbii ki, onların son nəticəsi bu və ya digər formada Ukraynadakı müharibənin dayanması ilə bağlı olacaq”.

T. Zülfüqarov qeyd edib ki, hakimiyyətə hansı qüvvələrin gələcəyi məsələsinə gəldikdə isə, Rusiyada real gücə malik namizədin olub-olmaması hazırda ən aktual suallardan biridir:

“Əsassız fikirlər səsləndirmək istəmirəm. Bu, strateji xarakterli informasiyadır. Mənim elə mənbələrim yoxdur ki, qəti şəkildə deyim, hakimiyyətə kim gələcək. Bəllidir ki, siyasi iddialar siyasi həyatın qanunauyğunluqlarından biridir. Böhran yaranan kimi hakimiyyət zəifləyir və onu əvəzləmək üçün müxtəlif qruplar hərəkətə keçir. Ancaq başa düşməliyik ki, Rusiyanın siyasi mühitində hakimiyyətin seçkilər və ya müxalifətin siyasi fəaliyyəti nəticəsində dəyişməsi o qədər də inandırıcı görünmür. Amma daxili qarşıdurmalar və ya ölkə daxilində yaranacaq ciddi gərginlik hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Bir məqamı da unutmayaq ki, Putinin artıq yaşı da kifayət qədər çoxdur və bu baxımdan müxtəlif hadisələrin baş verməsi də istisna deyil”.