Şahbaz Şərifin erası başlayır
Pakistanın Azərbaycana və Türkiyəyə qarşı siyasəti dəyişməyəcək
Pakistan parlamentariləri Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifi yeni baş nazir seçiblər. Parlamentin etimadsızlıq səsverməsi nəticəsində sabiq baş nazir İmran Xanın əleyhinə 174 parlament üzvü səs verib. Şahbaz Şərifi əvvəllər üç dəfə Pakistanın baş naziri vəzifəsində çalışıb. O, Pakistan Müslüman Liqasının lideri olmamışdan əvvəl uzun illər Pəncab əyalətində baş nazir vəzifəsində çalışıb. Şərifin spesifik cəhəti tez-tez inqilabi şeirlərdən sitat gətirməsidir.
Sələflərindən fərqli olaraq rəqibləri ilə ortaq məxrəcə gələ bilən, həm ordu, həm də müxalifətlə dil tapa bilən siyasətçi kimi tanınır. Şərifi baş nazir postunda gözləyən ən mühüm həlli vacib məsələlər heç şübhəsiz, iqtisadi və təhlükəsizlik problemləridir. Məsələ ondadır ki, 1947-ci ildə müstəqilliyini elan edən Pakistanda bu günə qədər dörd dəfə hərbi çevriliş və eyni sayda uğursuz hərbi çevriliş cəhdi olub. Çevrilişlər məhz Şərif ailəsinə qarşı olub. Yəni Şahbaz Şərifin xarici siyasətdə və ya orduya qarşı kiçik bir səhvi onun sonunu gətirə bilər. İmran Xan ölkədə dərhal parlament seçkilərinin keçirilməsini tələb edir. O, baş nazir seçilməyəcəyi təqdirdə seçkilərin nəticəsini tanımayacağını bildirmişdi. Bunun ardınca isə İmran Xanın rəhbəri olduğu Təhriki İnsaf Partiyası yeni baş nazir seçkisinə az qalmış parlamentdən çıxmışdı.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, İmran Xanı vaxtilə hakimiyyətə məhz ordu gətirib. Ekspertin sözlərinə görə, Xan orduya və onu dəstəkləyən elektoratlarına arxalanır:
“İmran Xan gücünü göstərmək üçün bir neçə gün öncə paytaxt İslamabadda minlərlə tərəfdarlarının iştirakı ilə dəstək mitinqi keçirdi. O, mövcud vəziyyətlə barışmayacaq və Şahbaz Şərifin ilk yanlış qərarını fürsətə çevirməyə çalışacaq. Pakistanda bu günə qədər hakimiyyətdə olan şəxslərin bir çoxu korrupsiya ittihamları ilə üzləşib. Əksər baş nazirlər korrupsiya ittihamları ilə həbs olunublar. Şahbaz Şərifin mənsub olduğu ailə üzvləri də bu ittihamlara məruz qalıb. Şərifin böyük qardaşı Nəvaz Şərif 2017-ci ildə korrupsiya ittihamı ilə mühakimə olunub. Bu mənada İmran Xan Şərifin qardaşı kimi səhv etməsini gözləyə bilər. Çünki Xan özündən öncəki hakimiyyətlərdən fərqli olaraq korrupsiyaya görə deyil, xarici və təhlükəsizlik siyasətinə görə hakimiyyətdən uzaqlaşdırılıb. İmran Xanın Çinlə və Rusiya ilə yaxınlaşması siyasi və hərbi elitanın narazılığına səbəb olmuşdu. Ancaq Şahbaz Şərifin də Çinlə münasibətləri korlayacağı inandırıcı deyil. Çünki Pakistan İmran Xandan əvvəl də Çinlə sıx əlaqələr qurub. Əsas səbəb də məhz Hindistan faktorudur. Hindistan məsələsində Pakistan və Çin ortaq maraqlar ilə hərəkət edir.
Mümkündür ki, bu, Şahbaz Şərifin hakimiyyəti zamanı da davam edəcək”.
Ekspert rəsmi İslamabadın Bakı və Ankara ilə münasibətlərinin dəyişib-dəyişməyəcəyindən də danışıb: “Bu gün olmasa da, gec-tez Pakistanda İmran Xan dövrü bitəcəkdi.
İmran Xandan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində bəzi ölkələrə qarşı kəskin dəyişikliklər olmayacaq. Pakistanın iqtisadi və xarici siyasətinin Şərif dövründə Azərbaycan və Türkiyəyə qarşı dəyişəcəyi az proqnozlaşdırılır. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şahbaz Şərifi Pakistanın yeni baş naziri seçilməsi münasibətilə təbrik edib.
Bu, özlüyündə rəsmi Ankaranın Şahbaz Şərif hakimiyyətini tanıdığını, bundan sonra da iki ölkə arasında münasibətlərin davam edəcəyini göstərir. Azərbaycana gəldikdə isə rəsmi Bakının da Ankaradan fərqli mövqe sərgiləyəcəyini düşünmürəm”.