Səudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İraqın krallıqdakı səfiri Sufiya Talib əs-Suheylini ölkə ərazisinə və Fars körfəzi dövlətlərinə qarşı dron hücumları ilə əlaqədar nazirliyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Xarici işlər nazirinin müavini Sud əs-Sati iraqlı səfirə etiraz notası təqdim edib. Sənəddə krallığa və Fars körfəzi ölkələrinə qarşı davam edən hücum və təhdidlər pislənilib.

Səudiyyə tərəfi İraqın bu cür hücumların qarşısını almaqda məsuliyyət daşıdığını vurğulayıb. Həmçinin dövlətlərin suverenliyinə hər hansı müdaxilənin və regionda sabitliyi pozmaq cəhdlərinin qətiyyətlə rədd edildiyi qeyd olunub.

Aprelin 7-də ABŞ və İran arasında elan edilən ikihəftəlik atəşkəsdən sonra Fars körfəzi regionunda, o cümlədən Səudiyyə Ərəbistanında bir sıra obyektlərə dron hücumları qeydə alınıb. Məlumata görə, bu pilotsuz uçuş aparatlarının bir qismi İraq ərazisində fəaliyyət göstərən silahlı qruplaşmalar tərəfindən buraxılıb.