Hazırkı hökumət böhranı Makronun hakimiyyətdən getməsi ilə nəticələnməyəcək
Parlament seçkilərinin nəticələri göstərdi ki, Fransa siyasi səhnəsi parçalanmış vəziyyətdədir
Fransada ultra-sağçı "Milli Birlik" və ultra-solçu "Ram edilməmiş Fransa" Sebastyan Lekornunun başçılığı ilə qurulan yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirmək niyyətində olduqlarını açıqlayıblar.
Bu barədə "Ram edilməmiş Fransa"dan deputat Matilda Pano məlumat verib və yeni nazirlərə "əşyalarını açmamağı" tövsiyə edib.
“Lekornu hökuməti – 2: Makroniya getdikcə daha çox təcrid olunur və tənəzzülə uğrayır. Yeni gələnlərə tövsiyəm: əşyalarınızı tez açmayın. Etimadsızlıq səsverməsi yaxınlaşır. Ondan sonra Makronun gedişi gələcək”, – o, "X" sosial şəbəkəsində yazıb.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Fransada siyasi böhran bir neçə ildir davam edir və bunun çoxsaylı səbəbləri var:
"Əsas səbəb ondan ibarətdir ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi iqtisadi islahatlar gözlənilən effekti vermədi. Əksinə, əhalinin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdı və bu, genişmiqyaslı etirazlara səbəb oldu. İkinci mühüm amil isə Fransada siyasi sistemin ciddi şəkildə parçalanmasıdır. Hazırkı şəraitdə siyasi qüvvələrin konsensusa gəlməsi olduqca çətindir. Bu səbəbdən son illərdə ölkədə bir neçə hökumət dəyişikliyi baş verib. Növbədənkənar parlament seçkiləri də siyasi böhranın həllinə yardım göstərə bilməyib. Bu kontekstdə Lekornunun ikinci dəfə baş nazir postuna namizəd göstərilməsi Fransa cəmiyyətində ciddi etirazlarla qarşılanıb. Xüsusilə Makron hakimiyyətinə sərt müxalifətdə olan siyasi qüvvələr artıq bəyan ediblər ki, Lekornu hökumətinə etimad göstərməyəcəklər. Nəticədə, bu təzyiqlər onun baş nazir vəzifəsində çox qısa müddət qalması ilə yekunlaşdı. Hökumət cəmi bir gün sonra dağıldı və Lekornu istefa verdi.
Bütün bunlar Fransada siyasi gərginliyi daha da dərinləşdirəcək. Bu vəziyyət Makron üçün də ciddi problemlər yaradır. Lekornu hökumətinə etimadsızlıq birbaşa Makronun hakimiyyətdən getməsi ilə nəticələnməyəcək. Doğrudur, parlamentdə Makrona etimadsızlıqla bağlı bəzi siyasi qüvvələrin bəyanatları səslənir, lakin hələlik bu istiqamətdə konkret addımlar atılmayıb. Üstəlik, onu dəstəkləyən qüvvələr parlamentdə müəyyən say üstünlüyünü qorumaqdadırlar".
Analitikin fikrincə, hazırkı hökumət böhranı Makronun hakimiyyətdən getməsi ilə nəticələnməyəcək:
"Amma siyasi böhran qalmaqda davam edəcək. Onsuz da Makronun prezidentlik müddətinin bitməsinə çox vaxt qalmayıb. Əgər yaxın gələcəkdə yeni hökumət konsensus əsasında formalaşdırılsa, bu, Fransada siyasi sabitliyə müsbət təsir göstərə bilər. Keçənilki parlament seçkilərinin nəticələri göstərdi ki, Fransa siyasi səhnəsi parçalanmış vəziyyətdədir. Partiyalar arasındakı fikir ayrılıqları və dar firqə maraqları onların ümumi məqsədlər ətrafında birləşməsinə və vahid istiqamətdə siyasət aparmasına mane olur".