Sanksiyalar Akkuyu layihəsində ləngimə yaratdı
Türkiyənin enerji balansında Akkuyu həlledici rol oynayacaq
Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı layihənin maliyyələşdirilməsi və istismara verilməsi müddətinə dair yeni açıqlamalar verilib. Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiyanın layihə üçün əlavə maliyyə təmin etdiyini və ilk reaktorun işə salınmasının planlaşdırılan tarixini açıqlayıb. Bu məlumatlar Akkuyu AES-in icra mərhələsi və gələcək vaxt cədvəli ilə bağlı mövcud vəziyyəti əks etdirir.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a açıqlamasında Akkuyu Atom Elektrik Stansiyasının inşası ilə bağlı müəyyən bir geriləmənin, müvəqqəti dayanmanın müşahidə olunduğunu söyləyib:

"İlkin plana əsasən birinci reaktorun 2023-cü ildə istismara verilməsi nəzərdə tutulurdu. Hətta bir neçə dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin simvolik açılış mərasimləri də keçirdilər. Lakin turbinləri Siemensin istehsal etməsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən bu avadanlıqların Türkiyəyə çatdırılmaması, daha sonra Rusiyanın turbinləri Çindən tədarük etməyə çalışması, eləcə də bir sıra maliyyə problemləri layihədə gecikmələrə yol açdı. Bununla belə, Rusiya Federasiyasının layihəni sürətləndirməsini öz strateji maraqları baxımından məntiqli addım kimi qiymətləndirmək olar. Belə ki, məlum olduğu kimi, Prezident Ərdoğanın sentyabr ayında ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüş zamanı Trampın xüsusi diqqət yetirdiyi məsələlərdən biri Türkiyənin Rusiyadan neft və təbii qaz idxalını mümkün qədər azaltması idi. "Mavi Axın" və "Türk Axını" layihələrinin normalda bu ilin sonunda başa çatması planlaşdırılsa da, dəqiq məlumat olmasa da, bu müddətin bir il uzadıldığına dair bəzi xəbərlər Türkiyə mətbuatında yer alıb".
Mütəxəssis normal şəraitdə Türkiyə üçün Rusiya ilə uzunmüddətli təbii qaz sazişləri imzalamaq baxımından əlverişli şərtlərin mövcud olduğunu qeyd edib:
"Boru kəmərləri vasitəsilə bağlanan bu cür müqavilələr qazın daha ucuz başa gəlməsinə imkan yarada bilərdi. Lakin Türkiyə bu yolu seçməyərək Rusiya qazının bir hissəsini ABŞ-dən alınan mayeləşdirilmiş təbii qaz (LNG) hesabına təmin etməyə üstünlük verdi. Bununla yanaşı, enerji geosiyasətindən məlum olduğu kimi, "Türk Axını-2" xətti vasitəsilə Macarıstan və Serbiya da daxil olmaqla Cənub-Şərqi Avropaya ötürülən Rusiya qazı Türkiyə ərazisindən keçir və bu marşrutun hazırda real alternativi yoxdur. Bu baxımdan, Rusiyanın enerji təhlükəsizliyi çərçivəsində təbii qazın azalan rolunu nüvə energetikası vasitəsilə kompensasiya etməyə çalışması mövcud mərhələdə məqbul seçim kimi görünür. Məhz buna görə də Rusiyanın Akkuyu Atom Elektrik Stansiyasını mümkün qədər tez istismara vermək istiqamətində atdığı addımları bu strateji siyasət kontekstində dəyərləndirirəm".