Sui-qəsd cəhdlərinin Trampın özünün təşkil etdiyi ehtimalı güclüdür-Aydın Sezer

ABŞ prezidenti Donald Tramp tarixə vahiməli hadisələrlə düşməyə davam edir. Bu gecə prezident Ağ Evdə olan zaman atışma baş verib. Bununla da Trampa qarşı dördüncü sui-qəsd cəhdi baş vermiş olur. Ona qarşı ilk silahlı hücum 2024-cü ildə ABŞ-nin Pensilvaniya ştatında, seçicilərlə görüşdə qeydə alınmışdı. Tramp səhnədə çıxış edərkən, atəş nəticəsində qulağından yaralanıb. İkinci hücum cəhdi, həmin ilin sentyabr ayında, Floridada qolf oynayarkən yaşanmışdı. Beynəlxalq ictimaiyyəti lərzəyə gətirən hücumlardan üçüncüsü isə bu il aprelin 25-də, prezident və rəsmi nümayəndələrin iştirak etdiyi şam yeməyində baş verib. Əlində silah tutan bir nəfər, təhlükəsizlik orqanlarının yanından çevikliklə keçərək qonaqları güllələməyə çalışıb. 

Bəs Trampa qarşı ard-arda təşkil edilən silahlı hücumların pərdəarxasında hansı məqamlar dayanır?

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Trampa qarşı ard-arda baş verən sui-qəsd cəhdlərinin arxasında xarici xidmət orqanlarının dayandığını sübut edən faktlar yoxdur:

“Ardıcıl şəkildə baş verən hücumlar fərdi motivlər əsasında həyata keçirilir. Son hadisədə də hücumçu təkbaşına hərəkət edib. O, əvvəllər də Ağ Evə icazəsiz daxil olmağa cəhd göstərib. Məhkəmə sənədlərində onun psixoloji sarsıntı keçirdiyi, dini sayıqlamalar və reallıqdan uzaq düşüncələr sərgilədiyi ortaya çıxıb. Tramp kimi diqqət mərkəzində olan və cəmiyyətdə qütbləşmə yaradan fiqurlar, psixoloji problemlər yaşayan şəxslərin maraq dairəsində olur. ABŞ-də silaha çıxışın asan olması və siyasi qütbləşmənin yüksək səviyyədə olması bu riski daha da artırır. Trampın dəfələrlə hücuma məruz qalması “təsadüf” anlayışına şübhə ilə yanaşmağa vadar edir. Ancaq nəzərə almaq lazımdır ki, hücumların hər biri fərqli vaxtlarda və ayrı şəxslər tərəfindən həyata keçirilib. Onları birləşdirən əsas oxşarlıq isə psixoloji problemlərdən əziyyət çəkmələridir”. 

Ekspertin sözlərinə görə, hücum cəhdlərinin forması və icra tərzi qeyri-peşəkar olduğu üçün, hadisələrin arxasında xarici agenturanın olduğunu söyləmək çətinləşir:

“Diqqətçəkən digər məqam isə odur ki, Trampa qarşı ictimai qınaq və siyasi təzyiqlər artanda, sonu bu tip sui-qəsd cəhdləri ilə bitir. Tramp bu hadisələrdən sonra siyasi baxımdan daha da güclənir. Tərəfdarlarının müəyyən hissəsi onu “əfsanəvi lider” və ya “sistemə qarşı ayaqda qalan şəxs” obrazında görməyə başlayırlar. Tramp gündəmdə olmağı çox sevir. Təsadüfi deyil ki, hər gün bütün saytlar ondan yazır. Bütün bunlar sui-qəsd cəhdlərinin Trampın özü tərəfindən təşkil edildiyi ehtimalını gücləndirir”.