Tramp Aİ-ni yeni rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının Google şirkətini 890 milyon avro məbləğində cərimələməsindən sonra Avropa İttifaqını (Aİ) yeni gömrük rüsumları tətbiq etməklə hədələyib.

Sherg.az xəbər verir ki, Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində Google-a axtarış sistemində öz xidmətlərinə üstünlük verdiyi üçün 460 milyon avro, Google Play platformasında isə tərtibatçıların istifadəçiləri daha sərfəli alternativlərə yönləndirməsinə mane olduğu üçün 430 milyon avro cərimə kəsib.

Tramp isə Aİ-ni Amerika texnologiya şirkətlərinə qarşı əsassız addımlar atmaqda ittiham edib. O, Apple, Meta və Amazon şirkətlərinin də oxşar təzyiqlərlə üzləşdiyini bildirib.

ABŞ Prezidenti Truth Social hesabında paylaşdığı açıqlamada Avropa İttifaqından bu cərimələrin ləğvini tələb edib və əks halda yaxın vaxtlarda Aİ-yə qarşı yüksək gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan edib.

Qeyd edək ki, Avropa Komissiyası 2025-ci ilin aprelində də DMA çərçivəsində Apple şirkətini 500 milyon avro, Meta şirkətini isə 200 milyon avro məbləğində cərimələmişdi.