Donald Tramp müasir siyasi arenada həm davranışları, həm də şəxsiyyət xüsusiyyətləri ilə diqqət mərkəzində olan fiqurlardan biridir. Onun xarakteri, liderlik üslubu və qərarvermə mexanizmləri müxtəlif yanaşmalarla təhlil olunur. Bunlar arasında fizionomik analiz, psixoloji müşahidələr və numeroloji şərhlər də yer alır. Bu cür yanaşmalar onun davranışlarının arxasında dayanan mümkün motivləri, güclü və zəif tərəflərini izah etməyə çalışır.
Fizionomiya, numerologiya, iridologiya, refleksologiya sahələrində mütəxəssis olan Sezgin Ünal Sherg.az-a Trampın üz quruluşu, davranış xüsusiyyətləri, sağlamlıq ehtimalları, numeroloji göstəriciləri və siyasətdəki gələcək yeri ilə bağlı danışıb:

"Trampın üz quruluşu genişdir. Üzü kvadrata yaxın olsa da, bir neçə üz formasının xüsusiyyətlərini daşayır. O, gücün, nəzarətin və avtoritetin özündə olmasını istəyir. Praktik zəkaya malikdir, nəticəyönümlüdür və liberal meyilləri müşahidə olunur. Liderlik etmək və idarə etmək meyli olduqca güclüdür. Əmr almağı sevmir, ona əmr verənlərdən xoşu gəlmir. Geniş üz quruluşunun təsiri ilə əylənməyi sevən bir xarakterə malikdir. Zaman-zaman etdiyi şən çıxışlar və davranışlar bu xüsusiyyətdən qaynaqlanır. Ümumiləşdirsək kvadrata yaxın üz forması ona liderlik, “mən” mərkəzli yanaşma və idarəetmə meyli verir. Üzünün geniş olması isə onun şən, hərəkətli və zarafatcıl tərəfini önə çıxarır. Öz bildiyini edən biri olduğu üçün bəzən çətinliklərlə qarşılaşdığı dövrlər olur. Üz xüsusiyyətlərinə əsasən onun üçün ən uyğun iki sahə siyasət və biznesdir. Alın quruluşu geniş və nəzərə çarpandır. Bu, strateji düşüncənin aktiv olduğunu və gələcəyə yönəlik plan qurma qabiliyyətini göstərir".
Fizionomist bildirib ki, zehni fəaliyyəti son dövr ABŞ prezidentlərinin bəzilərindən fərqli olaraq güclüdür:
"Qərar verərkən sürətli, lakin bəzən tələskən davranış sərgiləyə bilir. Qaşları açıq və müəyyən xətlidir. Bu, yüksək özünəinamın göstəricisidir. Ünsiyyət tərzi bir çox siyasətçi və dövlət adamından fərqli olaraq birbaşa və açıqdır. Səbrsiz və tez reaksiya verən bir quruluşa malikdir, ani reaksiyalar verməyə meyllidir. Gözləri dar, baxışları isə kəskindir. Bu, nəzarətçi xarakterin göstəricisidir. Detalları yaxşı analiz edir və insanları düzgün qiymətləndirə bilir. Güvən məsələsində seçici və ehtiyatlıdır. Göz altı torbaları yuxusuzluq problemini açıq şəkildə göstərir. Həyata realist (gerçəkçi) baxış bucağı ilə yanaşır. Burun quruluşu iri və dolğundur. Maddi gücə və maliyyə idarəçiliyinə önəm verir, ticari zəkası çevikdir. Sahibkar ruhludur və risk almağa açıqdır. Status və uğur onun üçün çox önəmlidir. Dodaq quruluşu nazik və orta arasındadır. Duyğularını ifadə edərkən nəzarətlidir. Məntiq daha çox ön plandadır, duyğular ikinci plandadır. Ünsiyyətdə açıqdır, lakin bəzən sərt reaksiyalar verə bilər. Çənə quruluşu geniş və güclüdür. Bu, inadkar və qətiyyətli xarakterə işarə edir. Güclü iradəyə malikdir və asanlıqla vaz keçmir. Bu, rəqabətçi xarakteri əks etdirir".
Mütəxəssis Trampın yaşayacağı sağlamlıq problemlərindən danışıb, numerologiyasını təhlil edib:
"Onda sümük əriməsi (osteoporoz riski) normadan daha çox artıb. Əzələ itkisi və tarazlıq problemləri daha da artacaq. Bel nahiyəsində (L4–L5) problemlər mövcuddur. Yaddaş və idrak funksiyalarında azalma müşahidə olunur. İmmunitet sistemi zəifləmiş vəziyyətdədir. O, 14 iyun 1946 tarixində doğulub.
Hesablama: 1+4+6+1+9+4+6 = 31/4.
31/4 həyat yoluna baxsaq 3- yaradıcılıq, ifadə və ünsiyyət, 1- liderlik, fərdilik və özünəinam, 4 isə nizam-intizam, sistemlilik, əmək və möhkəm təməli ifadə edir.
Yaradıcı, eyni zamanda tətbiq etmə qabiliyyətinə malik düşüncə quruluşu var. Öz yolunu seçmək istəyi (müstəqilliyə bağlılıq) yüksəkdir. Disiplinli çalışma ilə böyük uğur potensialına sahibdir. Plan qurmaq və sistem yaratmaq bacarığı inkişaf edib. Səbir göstərildikdə uzunmüddətli və qalıcı uğurlar əldə edə bilir.
Bununla yanaşı, dağınıq düşüncə (3 enerjisi) ilə sərt nizam-intizam (4 enerjisi) arasında ziddiyyət tez-tez yaşanır. Səbrsizlik və tələskənlik səbəbilə başladığı işləri yarımçıq qoyur. Avtoritetlə tez-tez problemlər yaşaya bilər. Bəzən həddindən artıq nəzarətçi, bəzən isə bunun tam əksi davranışlar sərgiləyə bilər".
Ekspert qeyd edib ki, Tramp qarşıdakı seçkilərdə yenidən prezident seçiləcək:
"Münasibətlərdə müstəqillik ehtiyacı çox yüksəkdir. Duyğularını ifadə etmək istəsə də, zaman-zaman özünə qapanma halları olur. Güvən və sədaqət onun üçün çox önəmlidir. Partnyor həm onun azadlığına hörmət etməli, həm də nizamlı olmalıdır. Tramp əgər sui-qəsd nəticəsində ölməsə, qarşıdakı seçkilərdə yenidən prezident seçiləcək".