“Vaşinqton və Ankara yaxın vaxtlarda Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı problemi həll edəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və prezidentin xüsusi nümayəndəsi Tomas Barak deyib.
Diplomat xatırladıb ki, bu problem Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar yaranıb.
“Tezliklə S-400 məsələsi həll olunacaq. Mənim administrasiyamın mövqeyinə görə, Türkiyənin F-35 proqramına qayıtması problem deyil,” – Barak Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.
Diplomat bundan əvvəl də söyləmişdi ki, ABŞ və Türkiyə S-400 məsələsi üzrə danışıqlar aparır. Tomas Barak vurğulamışdı ki, Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400 sistemindən imtina etməlidir.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında Rusiya müqavilənin tam icra olunduğunu açıqlayıb. Bundan sonra Türkiyə ABŞ-nin yeni nəsil qırıcı təyyarə proqramı olan F-35 layihəsindən çıxarılıb.