Ukrayna Prezidenti Volodimir Zelenski vilayət dövlət administrasiyalarının rəhbərliyində gözlənilən kadr dəyişiklikləri barədə məlumat verib. Sherg.az xəbər verir ki, müvafiq bəyanat o, sosial şəbəkələrdəki axşam müraciəti zamanı səsləndirib.
Zelenskinin sözlərinə görə, gələn həftə bəzi yerli administrasiya rəhbərləri ilə bağlı hesabatları gözləyir və bundan sonra onların vəzifədən azad edilməsi barədə qərar veriləcək. Ukraynanın “İnsayder” nəşrinin yazdığına görə, işdən çıxarılması ehtimal olunan şəxslər arasında Jitomir vilayətinin rəhbəri Vitali Buneçko da var.
Bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosunun keçmiş detektivi Ruslan Mağamedrasulov Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən aparılan axtarışlardan sonra 2,5 min avronun yoxa çıxması barədə məlumat vermişdi. Onun sözlərinə görə, UTX əməkdaşları Kiyev və Dnepropetrovskda ona qarşı yüzdən artıq axtarış aparıblar. Axtarışlar zamanı 2,5 min avro aşkar edilsə də, sonradan bu vəsait itib və protokollara daxil edilməyib. O dəqiqləşdirib ki, sözügedən pul istirahətdən sonra Dnepropetrovskda qalıb və bir daha onu görən olmayıb.