Ukraynadan sonra Rusiya kiminlə savaşacaq

Hər halda bu siyahıda Azərbaycan yoxdur

Turan Rzayev: "Kremlin belə bir qərar verməsi onu Ankara ilə üz-üzə gətirər"

“Ukrayna müharibəsi fonunda Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağı sualı tez-tez səslənir. Bu siyahıda Özbəkistan, Gürcüstan, Moldova və s. ölkələrin də adı çəkilir”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Ekspert bildirib ki, Rusiyanın Ukrayna ilə müharibə fonunda Gürcüstanla müharibə etməsi real deyil:

“Rusiya 2008-ci ildə bir dəfə Gürcüstanla müharibə edib. Yeni savaş Kreml üçün mövcud vəziyyətin daha da ağırlaşması ilə nəticələnə bilər. Separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidentinin” Rusiyaya birləşmək qərarı Kremlin Tiflisə açıq xəbərdarlığıdır. Rəsmi Tiflis Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini dayandırmayıb. Əksinə, proses daha da sürətlənib. Moskva bunun qarşısını almaq üçün Gürcüstana təzyiqi artırıb. Rusiya vaxtilə Azərbaycanda olduğu kimi, Gürcüstanda da erməni kartından istifadə edə bilər. Söhbət Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsindən gedir. Kreml bununla həm də Ermənistanla Gürcüstan arasında gərginlik yaratmağı planlayır. Düzdür, rəsmi İrəvanın Cavaxetiya üzərindən ikinci bir Qarabağ senarisinə gedib-getməyəcəyini demək çətindir. Lakin Kreml ermənilərin iştahını hər zaman qabartmağı bacarıb”.

T.Rzayevə görə, Rusiyanın postsovet məkanındakı tanınmamış “respublikalar”la bağlı verdiyi qərar Qarabağla bağlı da ciddi narahatlıq yaradır:

 “Hətta belə iddialar səslənir ki, Rusiya Qarabağın “müstəqiliyini” tanıya bilər. Bu versiya indiki halda mümkün deyil. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Türkiyənin Azərbaycana qarşı xarici hücumlara və ərazi bütövlüyünə qarşı təhlükəsizlik qarantiyası var. Kremlin belə bir qərar verməsi onu Ankara ilə üz-üzə gətirər. Bu isə Moskvanın ən son istəyəcəyi haldır. Digər tərəfdən, Türkiyə kimi Rusiyanın özü də Moskva bəyannaməsinin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə qarant verir”.