Vaşinqtondan gözlənilməz addım: Ukrayna münaqişəsində yeni ssenari

Moskva isə ABŞ-nin təkliflərinə belə cavab verir: “Etibar et, amma yoxla”

ABŞ Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı bir sıra “maraqlı təkliflər” irəli sürüb.

Sherg.az xəbər verir ki, bunu Rusiyanın prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” informasiya xidmətinin müxbiri Pavel Zarubinə bildirib.

Uşakov deyib: “ABŞ kifayət qədər maraqlı, hətta faydalı hesab edilə biləcək bir sıra fikirlər və təkliflər səsləndirib, lakin hələlik onlar həyata keçirilmir”.

O, həmçinin vurğulayıb ki, beynəlxalq münasibətlərdə Rusiya yalnız özünə tam etibar edir, digər tərəfdaşlarla münasibətdə isə “Etibar et, amma yoxla” prinsipi ilə hərəkət edir.

Martın 26-da rusiyalı parlament üzvləri amerikalı konqresmenlərlə görüş keçiriblər. Növbəti gün isə ABŞ hökumətinin nümayəndələri ilə danışıqlar aparıblar.

Rusiya nümayəndə heyəti ABŞ-dan olan həmkarları ilə geniş mövzular üzrə müzakirələr aparıb. Bu mövzulara Ukrayna böhranı və strateji sabitlik məsələləri də daxil olub. Bunu Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini, nümayəndə heyətinin üzvü Vyaçeslav Nikonov bildirib. Onunla yanaşı, danışıqlarda Dumanın vitse-spikeri Boris Çernışov (LDPR) və beynəlxalq işlər komitəsinin birinci müavini Svetlana Jurova (“Vahid Rusiya”) da iştirak ediblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı parlament nümayəndə heyətinin ABŞ-a səfərini çox faydalı adlandırıb. Onun sözlərinə görə, bu, əvvəllər faktiki olaraq dondurulmuş olan dialoqun mühüm istiqamətidir.

Peskov bildirib ki, prezident Vladimir Putin səfərdən əvvəl deputatlara müəyyən tapşırıqlar verib və səfərin nəticələri barədə ona ətraflı məlumat təqdim olunacaq.

Ukrayna üzrə əvvəlki üçtərəfli görüş fevralın 17–18-də Cenevrədə baş tutub. Martın ortalarında Peskov bildirmişdi ki, Ukrayna ilə bağlı danışıqlar “məlum səbəblərə görə” — ABŞ-ın Yaxın Şərqdə apardığı müharibə səbəbindən -fasilə mərhələsindədir.

O, həmçinin "The New York Times" qəzetinin ABŞ-ın İranda əməliyyatlara başlamasından sonra Putinin Ukrayna ilə danışıqlarda maraqlı olmadığı barədə yaydığı məlumatları təkzib edib. Peskov vurğulayıb ki, Moskva ilə Vaşinqton arasında əlaqələr davam edir və Rusiya tərəfi hələ də danışıqlara açıqdır.