Venesuela ilə başlayan proses: Tramp dünya sərvətlərinin ardınca gedir - ANALİZ

Dünya ictimaiyyəti ciddi reaksiya versə Trampın planları çətinliklərlə üzləşəcək

Beynəlxalq siyasətdə böyük dövlətlərin iqtisadi və geosiyasi maraqları artıq açıq şəkildə müşahidə olunur. Xüsusilə ABŞ-nin müxtəlif regionlara yönəlik siyasəti, bu siyasətin iqtisadi əsasları və mümkün nəticələri geniş müzakirə predmetinə çevrilib. Bu kontekstdə Donald Trampın irəli sürdüyü yanaşmalar və verdiyi açıqlamalar dünya ictimaiyyətində fərqli reaksiyalar doğurur. Venesueladakı proseslərdən sonra Trampın növbəti addımının nə olacağı sual altındadır.

Politoloq Fuad Abbasov Sherg.az-a Trampın müxtəlif ölkələrlə bağlı mövqeyi və bu yanaşmalarının beynəlxalq münasibətlərə mümkün təsirləri barəsində danışıb: 

"Tramp hər kəsin tanıdığı iş adamıdır. O, “America First” devizini həyata keçirmək üçün ilk növbədə yaxın qonşu dövlətlərdən başlayır. Daha sonra isə mərhələli şəkildə digər ölkələrin təbii sərvətlərini Amerikanın maraqları çərçivəsində istifadə etməyə çalışır.

Tramp ilə Zelenski arasında görüşdən bir müddət əvvəl Ukraynanın nadir torpaq metallarının Amerika şirkətlərinə verilməsi məsələsi gündəmə gəldi. Bu məsələ ilə bağlı Zelenskiyə ciddi təzyiqlər göstərildi. Lakin Zelenski buna razı olmadı. O bildirdi ki, Ukraynanın təbii sərvətləri Ukrayna dövlətinə məxsusdur. Məhz bundan sonra Zelenski ilə Tramp arasında müəyyən soyuqluq yarandı. Putin isə bu vəziyyətdən məharətlə istifadə etdi.

Bundan əlavə, Tramp hakimiyyətə gəlməzdən əvvəl Qrenlandiya ilə bağlı iddialar səsləndirirdi. Hətta oğlunu sanki kəşfiyyat məqsədilə ora göndərdi. Məqsəd oradakı vəziyyəti öyrənmək idi.

Daha sonra Tramp Kanadaya göstərilən yardımlara istinad etdi. O, bu yardımlar əsasında Kanadanın faktiki olaraq Amerikaya bağlı olduğunu iddia etdi. Panama məsələsində isə Panama kanalının amerikalıların tikdiyini vurğulayırdı. Bu səbəbdən kanalın ABŞ-yə aid olduğunu bildirirdi".

Politoloq Meksika ilə bağlı səsləndirilən fikirlərə də toxunub:

"Meksikanın Şimali Amerika qitəsində ABŞ-yə daha sıx şəkildə bağlanması ilə əlaqədar müəyyən yanaşmalar irəli sürülürdü. Göründüyü kimi, Tramp Şimali Amerika qitəsində böyük birlik yaratmaq niyyətindədir. Bu birlik şimaldan Kanada, cənubdan isə Meksika ilə formalaşmalıdır. O, vahid və güclü Amerika kontinenti xülyası qurur.

Bu prosesin başlanğıcı isə ABŞ ilə müqayisədə kiçik bir dövlət olan Venesuela oldu. Halbuki hamımıza məlumdur ki, Venesuelanın kəşf edilmiş neft ehtiyatları 200 milyard bareldən çoxdur. Bu göstərici onu dünyada ən böyük neft ehtiyatlarına sahib ölkələrdən birinə çevirir.

ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən Venesuela xalqı bu neft gəlirlərindən faydalana bilmirdi. Ölkə iqtisadiyyatı ciddi zərər görürdü.

Bundan sonra nələrin baş verəcəyi bir neçə amildən asılıdır. İlk növbədə Trampın seçkiöncəsi verdiyi vədlər yenidən gündəmə gələcək. Kanada, Meksika, Panama kanalı və Qrenlandiya ilə bağlı iddialar da aktuallaşacaq. Lakin bütün bu proseslərin taleyi dünya ictimaiyyətinin mövqeyindən asılı olacaq. Xüsusilə Venesuela lideri Maduro ilə bağlı atılacaq addımlar burada mühüm rol oynayacaq. Onun və həyat yoldaşının istintaqa cəlb edilməsi məsələsi beynəlxalq reaksiyaya səbəb ola bilər".

Analitik dünya ictimaiyyətinin bu cür addımlara ciddi və neqativ münasibət göstərərsə, Trampın planlarının çətinliklərlə üzləşəcəyini söyləyib:

"Kanada, Meksika, Panama və Qrenlandiya ilə bağlı ideyalar ya tamamilə iflasa uğrayacaq, ya da dəyişdiriləcək. Bu halda Tramp A planından B planına keçməyə məcbur qalacaq.

Əksinə, əgər beynəlxalq ictimaiyyət bu proseslərə loyal yanaşarsa, fərqli ssenari mümkündür. Tramp bir iş adamı kimi hərəkət edərək Amerikanın iqtisadi maraqlarını ön plana çıxara bilər. Bu zaman bəzi dövlətlərin liderlərini neytrallaşdırmaqla onların ərazilərini və resurslarını ələ keçirməyə çalışması istisna edilmir".