
Xalq və prezidenti dirəniş göstərir
Kiyevin siyasi iradəsi hələ sarsılmayıb
Bunun əsas səbəblərindən biri də, Ukraynanın Qərb tərəfindən silahlandırılmasıdır
"Moskva Kiyev ətrafındakı fiaskonu müxtəlif epitetlərlə malalamağa çalışır. Ancaq daxildəki etirazlar metastaz verib böyüyəcəyi təqdirdə, bu, Rusiya rəhbərliyi üçün risk daşıyacaq"
“Rusiya ilə vasitəçilik missiyasını Türkiyə lideri də həyata keçirəcək”. Bunu Ukrayna Prezidenti V.Zelenski bildirib. O deyib ki, Mariupoldan gəmilərlə yaralıların təxliyəsində Türkiyənin vasitəçilik rolu ilə bağlı danışıqlar davam edir. Zelenski əlavə edib ki, Ukrayna Rusiya ilə danışıqları istəsə də, istəməsə də, mümkün qədər insanların həyatını xilas etmək üçün gündəlik addımlar atılmalıdır: “Biz Rusiya Federasiyası ilə danışıqlar üçün kiçik də olsa imkanlar tapmalıyıq. Bunsuz müharibəni bitirmək çətindir. Baxmayaraq ki, Buçada gördüklərimizdən sonra danışıqlar aparmaq istəyimiz yoxdur”.
“Ruslarla danışdıq, bəzi hərbi detallar var”
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib ki, Ukrayna Türkiyəni qarant ölkələr arasında göstərir: “Hələ dəqiq bir qərar verilməyib və məsələni yekunlaşdırmaq üçün hələ tezdir. Prinsipcə, biz bunu alqışlayırıq, çünki Ukraynanı dəstəkləmək və bu müharibəyə son qoymaq istəyirik. Biz ukraynalılarla, ruslarla danışdıq. Amerikalılar və fransızlarla da danışdıq, imzalamadan əvvəl həll edilməli olan bir çox hərbi detallar var”.
“Biz öz təkliflərimizi irəli sürürük...”
NATO Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasında Ukraynanın təhlükəsizlik zəmanəti müzakirə olunmayıb. Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Ukraynanın təhlükəsizlik zəmanətçisi kimi gördüyü ölkələrin dəqiqi siyahısı hələ tamamlanmayıb: “Lakin bu məsələ Brüsseldə keçirilən ikitərəfli görüşlərdə qaldırılıb. Tərəfdaşlarımız bu müzakirələrdə bizim nə istədiyimizlə bağlı daha yaxşı informasiya əldə edirlər. Biz öz təkliflərimizi irəli sürürük, lakin hələ onlar öz yanaşmalarını təqdim etməyiblər”.
“Ukrayna Rusiyaya qarşı sanksiya və embarqonun genişləndirilməsini istəyir”
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Kiyev Rusiyaya qarşı sanksiya və embarqonun genişləndirilməsini istəyir: “Ukrayna Rusiyaya qarşı tam qaz və neft embarqosunun tətbiq edilməsinə, bütün Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılmasını, limanların Rusiya gəmilərinin və məhsullarının üzünə bağlanmasına təkid edir. Ötən həftə sanksiya təklifləri xeyli yumşaq idi. Biz bundan çox narazı idik. Sanksiya təzyiqinin gücləndiriləcəyinə əmin olmaq üçün G7 və Aİ-dən olan tərəfdaşlarımızla işlədik. Bu baxımdan uğur əldə etsək də, 100 faizlik uğura nail olduğumuzu deyə bilmərəm”. Kuleba bildirib ki, Ukraynanın arxasında güclü birlik var: “Bizi dəstəkləmək üçün konkret addımların atılmasına dair güclü qətiyyət mövcuddur. Mən burada prioritetləri sadaladım”.
Ruslar Mariupolda cəsədləri yandırır
Mariupol Şəhər Şurası açıqlama yayıb ki, Rusiya öz ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün Mariupolda səyyar krematoriyaları işə salıb: “Qatillər izləri gizlədirlər. Mariupolda Rusiyanın səyyar krematoriyaları fəaliyyətə başlayıb. Buçadakı soyqırımın beynəlxalq ictimaiyyətə geniş yayılmasından sonra Rusiya komandanlığı ordunun Mariupolda cinayətlərinə dair sübutları məhv etməyi əmr edib”.
Avropa Parlamenti Aİ-ni Rusiya neft-qazından imtina etməyə çağırıb
Avropa Parlamenti Rusiya nefti, qazı, kömürü və nüvə yanacağına sanksiya qoyulması ilə bağlı qətnaməni qəbul edib. Qətnamədə Avropa İttifaqı rəhbərliyindən qərarı təsdiqləməyə çağırış yer alıb. Parlamentin 552 deputatından 413-ü qətnamənin lehinə, 93-ü əleyhinə səs verib, 46 deputat isə bitərəf qalıb.
“ABŞ və müttəfiqləri Zelenskini döyüşləri davam etdirməyə sövq edir”
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna rəhbərliyini döyüşləri davam etdirməyə sövq edir. O, Kiyevin danışıqlar aparmaq iqtidarında olmamasına və onun əldə edilən anlaşmalardan kənara çıxaraq danışıqları uzatmaq və hətta pozmaq xəttinə işarə edib: “Biz bunu Kiyev rejiminin Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunması faktının təzahürü kimi görürük ki, onlar prezident Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər”. Lavrov əlavə edib ki, Rusiya Ukrayna tərəfinin danışıqlarda getdikcə daha çox yeni şərtlər irəli sürəcəyini istisna etmir. Onun fikrincə, belə bir senari Moskva üçün qəbuledilməzdir: “Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək və yeni ilkin şərtlər qoyacaq. Bu fikir başadüşüləndir, lakin qəbuledilməzdir”. Rusiya XİN başçısı deyib ki, aprelin 6-da Kiyev öz müqavilə layihəsini danışıqlar qrupuna təqdim edib və bu, Ukraynanın martın 29-da İstanbulda keçirilən görüşdə qeydə alınan ən mühüm müddəalardan kənara çıxdığını açıq şəkildə göstərir: “Dünən Ukrayna tərəfi danışıqlar qrupuna öz müqavilə layihəsini təqdim edib ki, bu da martın 29-da İstanbulda keçirilən görüşdə təsbit edilmiş, üstəlik, Ukrayna nümayəndə heyətinin rəhbəri Araxamiyanın imzaladığı sənəddə təsbit olunmuş ən mühüm müddəalardan kənara çıxıldığı açıq görsənir”.
“Ukrayna ərazisində xüsusi əməliyyat keçirmişik”
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ərazisində xüsusi əməliyyat keçirdiklərini deyib. Onun sözlərinə görə, xüsusi əməliyyat Belarus vətəndaşlarını azad etmək məqsədilə aparılıb: “Ukraynalılara xəbərdarlıq etdim ki, adamlarımızın azadlığı üçün xüsusi əməliyyat keçirməli olacağıq. Biz bu əməliyyatı keçirdik və adamlarımızı azad etdik”. Qeyd edək ki, daha öncə Belarus qüvvələrinin Ukrayna ərazisinə hərbi müdaxilə etməsinə dair məlumatlar yayılmışdı. Hazırda bu ölkənin ərazisi Rusiyanın Ukraynaya qarşı intervensiyasında plasdarm rolunu oynayır.
“Danışıqlarda biz də iştirak etmək istəyirik”
Lekaşenko Ukraynadakı müharibənin sülh yolu ilə həlli danışıqlarında iştirak etmək istədiklərini deyib: “Belarusun iştirakı olmadan danışıq olmaz. Ona görə bu danışıqlarda iştirak etmək istəyirik ki, bu müharibə bizim hasarımızın o tayındadır. O da bizə ciddi şəkildə təsir edir. Ona görə də Belarusun arxasından separat razılaşmalar ola bilməz”.
“Rusiyanın sonrakı planlarının nə olduğunu göstərən aydın əlamətlər...”

Siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin ikinci ayında Kreml işğal etdiyi Kiyev vilayətindən, Çerniqovdan və Sumıdan qoşunlarını sürətlə geri çəkdi. Ekspertə görə, bununla da Kiyevə şimal, şimal-şərq və şərq cinahlarından gələn hərbi təhdid ən azından indi üçün yoxa çıxır:
“Rusiya qoşunlarını Ukraynanın şərq sərhədlərində birləşdirərək oradan hansısa yeni hücuma hazırlaşmaq imkanlarını nəzərdən keçirə bilər. Hazırda Rusiya İzyum şəhərini ələ keçirib, oradan Slovyanska doğru olan məsafəni qət etmək istəyir, bununla belə şiddətli müqavimətlə üzləşir. Rusiya Mariupolu da intensiv hava və artilleriya zərbələri altında saxlayır. Bu göstərir ki, Ukraynanın cənub cinahı Rusiya üçün vacibdir. Beynəlxalq müzakirə masalarında Ukraynadakı müharibənin nə zaman bitəcəyindən necə bitəcəyi daha aktual sual kimi müzakirə edilir, çünki nəticə sonrakı geopolitik çəkişmələrin çərçivələrini və xarakterini müəyyənləşdirəcək. Ukraynanın dözümü və psixoloji-siyasi iradəsi sarsılmayıb, o, hələ intensiv atəşlərə davam gətirmək qabiliyyətindədir.
Bunun əsas səbəblərindən biri də, Ukraynanın Qərb tərəfindən silahlandırılmasıdır, bu isə onun hərbi texnikasının, silahlarının tükənməsi riski ilə üzləşməməsinə gətirib çıxarır.
Rusiyanın dövlət rəhbərliyinin sonrakı planlarının nə olduğunu göstərən aydın əlamətlər gözə dəyməsə də, Moskva Kiyev ətrafındakı fiaskonu müxtəlif epitetlərlə malalamağa çalışır. Ancaq daxildəki etirazlar metastaz verib böyüyəcəyi təqdirdə, bu, Rusiya rəhbərliyi üçün risk daşıyacaq.
Hələlik Rusiyanın bu mövzuda “hakim sərhədlərinə” təhlükəli hədd yaranmayıb, bununla belə müəyyən çatlar əmələ gəlib.