"Əsas sifarişçilər regionda sülh və sabitliyin möhkəmlənməsində maraqlı olmayan iki əsas qüvvə, erməni diasporu və Rusiyadır"
Avropa siyasətində ikili standartlar və qaranlıq münasibətlər ətrafında müzakirələr səngimək bilmir. Minval Politika tərəfindən yayılan son videogörüntülər isə bu dəfə məsələni daha ciddi müstəviyə çıxarıb. Ortaya çıxan materiallar Avropa institutlarında erməni lobbi şəbəkələrinin təsir imkanlarını, eləcə də Avropa İttifaqının yüksək siyasi dairələrində mümkün korrupsiya və koordinasiya əlaqələrini gündəmə gətirir.
Xatırladaq ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi və az qala düşmənçiliyi ilə tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxıb. Sensasiyalı video görüntülərdə Luis Okampo və onun oğlu Tomas öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.
Okampo videoda çəkinmədən bildirir: “Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.
Lakin ən diqqətçəkən məqam Avropa istiqaməti deyil, bu fəaliyyətin maliyyə bazasıdır. Videokadrlardan məlum olur ki, kampaniya “Rusiya-Ermənistan mənşəli qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond formalaşdırılıb. Məqsəd informasiya təzyiqinin davamlı və uzunmüddətli şəkildə təmin edilməsidir.
Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə maliyyə vəsaitlərini erməni mənbələrindən alıb, daha sonra isə daha strukturlaşmış maliyyə kanalları işə qoşulub. Xüsusilə vurğulanır ki, bu vəsaitlər əsasən Rusiyada yaşayan və beynəlxalq biznes fəaliyyəti ilə məşğul olan imkanlı erməni diaspor nümayəndələri tərəfindən təmin olunur. Eyni zamanda, iştirakçıların anonimliyə üstünlük verdiyi qeyd edilir. Onun sözlərinə görə, onlar “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” qapalı mexanizmlər vasitəsilə fəaliyyət göstərirlər.
“Sherg.az” xəbər verir ki, mövzunu şərh edən Azay Quliyev bildirib ki, burada məsələ təkcə Okampo ilə bağlı iddia olunan korrupsiya fəaliyyəti ilə məhdudlaşmır. Onun sözlərinə görə, söhbət Cənubi Qafqaz regionunda nifrət mühitinin və etnik zəmində qarşıdurmanın yenidən alovlandırılmasına, həmçinin Ermənistanda qanunsuz yollarla siyasi hakimiyyətin dəyişdirilməsinə və ümumilikdə geosiyasi balansın yenidən formalaşdırılmasına cəhd edən, təşkilatlanmış və məqsədyönlü bir şəbəkədən gedir:
“Bu ittihamların açıq sübutlarını Okamponun video etiraflarında kifayət qədər aydın şəkildə görmək mümkündür. Qarabağ ermənilərinin yenidən səfərbər edilərək Azərbaycana qarşı yönləndirilməsi, ərazi iddialarının yenidən gündəmə gətirilməsi məqsədilə konkret fəaliyyət aparıldığı etiraf olunur. Bu çərçivədə siyasətçilərin, ictimai fəalların və media nümayəndələrinin prosesə cəlb edildiyi, hətta video yayılan gün geniş toplantının keçirildiyi qeyd edilir. Azərbaycanın iqtisadi və siyasi gücünü zəiflətmək məqsədilə Avropa İttifaqı ilə imzalanmış enerji müqavilələri hədəf seçilir. Belə ki, Avropa Ədalət Məhkəməsi çərçivəsində Avropa Komissiyasını Azərbaycanla bağlanmış müqaviləni ləğv etməyə məcbur etmək üçün hüquqi proses başlatmaq planlaşdırılır. Azərbaycana təzyiq göstərmək üçün Avropa Parlamentində mövcud əlaqələrdən istifadə imkanları vurğulanır. O cümlədən, keşmiş xarici məsələr üzrə ali komissar Josep Borrell vasitəsilə Avropa Parlamentində iş aparmaq, müraciətlər etmək, etirazlar qaldırmaq, birbaşa suallar ünvanlamaq və Avropa Komissiyasının prezidenti Ursula von der Leyayen üzərində siyasi təzyiq formalaşdırmaq imkanlarının mövcud olduğu qeyd edilir. Bununla da Avropa İttifaqının siyasətinə təsir göstərmək məqsədi güdülür. Okamponun oğlu söhbət zamanı məqsədləri açıq şəkildə ifadə edir: “Bizim nail olmalı olduğumuz əsas nəticə – Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır.” Bu isə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq, Cənubi Qafqazda sülh və barış prosesinin qarşısını almaq və regionu yenidən münaqişə zonasına çevirmək niyyətindən xəbər verir”.
Luis Moreno Okamponun sadəcə icraçı rolunda çıxış etdiyini vurğulayan deputat qeyd edib ki, əsas sifarişçilər regionda sülh və sabitliyin möhkəmlənməsində maraqlı olmayan iki əsas qüvvə, erməni diasporu və Rusiyadır: “Erməni diasporu üçün sülh onların siyasi təsir imkanlarının zəifləməsi, Rusiya üçün isə region üzərində geosiyasi təsirin əhəmiyyətli dərəcədə azalması deməkdir”.
Deputat həmçinin əlavə edib ki, şəbəkənin maliyyə mənbələri Rusiya resursları və rus milyarderləri ilə bağlıdır. Onun fikrincə, bu kontekstdə Samvel Karapetyan və Ruben Vardanyan kimi şəxslərin adları diqqət çəkir və bu istiqamətdə suallar doğurur: “Əlavə olaraq, ABŞ-da müəyyən siyasi dairələrin də bu prosesə cəlb olunduğu etiraf olunur. Bunlar əbbəl Bob Menendez kimiləri idisə, indi də ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının əməkdaşları və Nyu-Yorkun yeni meri Mendiani kimiləridir. Son illərdə Avropa Parlamentində baş verən korrupsiya qalmaqalları (məsələn, “Qatarqeyt” və “Russiaqeyt) bu kontekstdə hər şeyi ifadə edir. Avropa Parlamentinin üzv dövlətlərdən daha çox üzv olmayan ölkələrlə bağlı qətnamələr qəbul etməsinin səbəblərindən biri də bu cür kortupsiya sxemindən faydalanmaq istəyidir.
Okamponun açıqlamaları belə bir qənaətə gəlməyə əsas verir ki, başda Josep Borrell olmaqla, onunla əlaqəli olan Avropa Parlamenti üzvləri və əməkdaşları barədə hüquqi araşdırmaların aparılması zəruridir.
Güman edirəm ki, Belçikanın hüquq-mühafizə orqanları bu faktları obyektiv şəkildə araşdırmaq üçün müvafiq addımlar atacaqlar”.