Norveçin xarici işlər naziri Espen Barth Eide İsrail Baş naziri Binyamin Netanyahu hökumətinin ölkəni “çox təhlükəli istiqamətə” sürüklədiyini bildirib.
Sherg.az xəbər verir ki, Eide bu barədə “Euronews”a açıqlamasında deyib.
O, Norveçin də daxil olduğu 12 ölkənin işğal altındakı Fələstin ərazilərində fəaliyyət göstərən İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsi qərarını müsbət qiymətləndirib.
Eide Qərb ölkələrinin Yaxın Şərqdə baş verən hadisələrə münasibətdə “qeyri-müəyyən və tərəddüdlü” mövqeyinin onların etibarlılığına zərər vurduğunu qeyd edib. Nazir Fələstin əhalisinin üzləşdiyi iztirabların diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.
Norveçli nazir Netanyahu hökumətini İsrail tarixində “ən ifrat sağçı hökumət” adlandırıb. O, İsraildə seçkilərin yaxınlaşdığını bildirərək, nəticələrin necə olacağının zamanla məlum olacağını deyib.
Eide həmçinin İsrailin Qəzzada beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ pozduğunu bildirib.