28 dekabrda başlayan üç mərhələli ümumi seçkilərdən sonra vəzifəyə gələn Myanma dövlət başçısı Min Aunq Hlayn diqqətçəkən qərara imza atıb. Bu gün yayımlanan sərəncamla ölkədə 4 min 335 məhkum üçün ümumi əfv qərarı təsdiqlənib.
Sherg.az xəbər verir ki, Əfv qərarının kimlərə şamil ediləcəyi açıqlanmasa da, azad ediləcək məhkumlar arasında deportasiya olunacaq 179 xarici vətəndaşın da olduğu bildirilib.
Bundan əlavə, Hlayn ölüm cəzalarının ömürlük həbs cəzası ilə əvəz olunması, ömürlük həbs cəzalarının isə 40 ilə endirilməsi, digər məhkumların cəzalarının isə altıda bir nisbətində azaldılması barədə qərar verib.
Siyasi Məhbuslara Yardım Assosiasiyasının açıqlamasına görə, ölkədə çevrilişdən bu yana 30 mindən çox insan siyasi səbəblərlə saxlanılıb. Saxlanılanlar arasında devrilmiş lider Aun San Su Çji və sabiq dövlət başçısı Vin Myint də var.
Myanmanın keçmiş hərbi xunta rəhbərliyi noyabr ayında 8 min 665 nəfəri əfv edəcəyini və ya onlara qarşı irəli sürülən ittihamların ləğv ediləcəyini açıqlamış, yanvarda isə Müstəqillik Günü münasibətilə 6 mindən çox məhkumun azad ediləcəyini bildirmişdi.
Myanmada əhali 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra keçirilən ilk ümumi seçkilər üçün 28 dekabrda səsverməyə qatılıb. Xunta nəzarətində olan seçki komissiyası bu prosesdə ilk dəfə 50 mindən çox elektron səsvermə aparatından istifadə edildiyini açıqlayıb.