Zelenski ABŞ-dən HHM raketləri ilə bağlı müraciətinə cavab alıb

Ukrayna prezidenti Volodimir Zelenski may ayında ABŞ prezidenti Donald Trampa məktub göndərərək hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket çatışmazlığı probleminin həllinə kömək göstərilməsini xahiş edib. Onun sözlərinə görə, Vaşinqtondan bu müraciətə cavab gəlib.

Sherg.az xəbər verir ki, Zelenski bunu iyunun 9-da Tallinn şəhərində keçirilən mətbuat konfransında bəyan edib.

Ukraynalı siyasətçi etiraf edib ki, məktubu ABŞ-ın diqqətini heç olmasa qismən Yaxın Şərqdən Ukraynaya yönəltmək məqsədilə yazıb. O qeyd edib ki, müraciəti müəyyən nəticə verib, lakin bu nəticənin təfərrüatlarını açıqlamayıb.

“Dövlətimin çox böyük həcmdə raket əleyhinə müdafiə vasitələrinə ehtiyacı var”, - deyə Zelenski vurğulayıb.

Bu arada, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlə hələlik Kiyev və Vaşinqton arasındakı təmasların nəticələri barədə məlumat təqdim olunmayıb. O əlavə edib ki, münaqişənin nizamlanması üzrə vasitəçilik prosesi hazırda dayanmış vəziyyətdədir.