Zelenski: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını bərpa edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ölkəsi ilə kəşfiyyat məlumatlarının paylaşılmasını yenidən başladığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində danışıb. O bildirib ki, qısa fasilədən sonra Vaşinqton Rusiyanın raket hücumlarına qarşı müdafiəyə kömək məqsədilə Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyə başlayıb.

“Buna görə çox minnətdarıq. Hazırda sistem işləyir”, – deyə Ukrayna Prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Ukraynanın Rusiya ərazisindəki enerji və neft emalı obyektlərinə hücumlarını dayandırmaması halında kəşfiyyat məlumatlarının paylaşılmasını dayandıra biləcəyi barədə iddialar yayılmışdı. Ukraynalı bəzi rəsmilər də ABŞ-dən alınan məlumatların ötürülməsində fasilələr yarandığını bildirmişdilər.

ABŞ Prezidenti Donald Tramp isə həftənin əvvəlində bu iddialara baxmayaraq, Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağa davam etdiyini söyləmişdi.