Zelenski: Rusiya ilə müharibənin nəticəsini "səmada döyüş" müəyyən edəcək

Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici mərhələsi qurudan və dənizdən havaya keçib. Məhz "səmada döyüş" onun nəticəsini müəyyən edəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Financial Times" qəzetinə müsahibəsində deyib.

O əlavə edib ki, Ukrayna artıq quruda Rusiya qoşunlarına mane ola və onları Qara dənizin böyük hissəsindən sıxışdırıb çıxara bilib, buna görə də məhz hava məkanı həlledici olub.

"Bu qarşıdurmada kimin ərazisinin daha böyük olmasının artıq qat-qat az əhəmiyyəti var. Biz hava məkanına keçmişik. Havada isə biz artıq rəqabətədavamlıyıq", - Zelenski əlavə edib.

O, buna misal olaraq Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) istehsal etmək və tətbiq etmək qabiliyyətini göstərib, çünki bu, müharibənin gedişini dəyişib. "Rusiyanın dərinliklərindəki hərbi və enerji obyektlərinə zərbələr endirməyə imkan verib", - o vurğulayıb.

Zelenski Ukrayna üçün kritik zəifliyə də diqqət çəkib. Bu, hava hücumundan müdafiədir.

"Hərbçilərimiz öz fədakarlığı ilə Rusiyanı quruda dayandırıblar. Cəbhə sabit olduqda, düşmən isə dənizdə sərbəst hərəkət edə bilmədikdə, geriyə yalnız hava qalır", - o bildirib.

Zelenski Ukraynanın Rusiyaya qalib gəlməsi üçün tərəfdaşların maliyyə dəstəyini davam etdirməli olduğunu qabardıb: "Əsgərlər isə ərazini qoruyub saxlamalıdırlar ki, rusların hər kilometr irəliləyişi onlara on minlərlə insan bahasına başa gəlsin".