Zelenski Rusiyaya ərazi güzəştindən imtina etdi

“Ukrayna istənilən halda Rusiya ilə danışıqlara hazırdır, amma ərazilərindən imtina etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin çevrəsindəkilərin bəziləri müharibəni davam etdirmək, digərləri isə onu dayandırmaq istəyir, iş adamları da iqtisadiyyatın dəhşətli vəziyyətdə olduğunu görürlər.

“Əgər Qərb ölkələri - Avropa, Kanada və ABŞ sanksiyaları ləğv etməsə, Rusiyanın kölgə donanmasına və digər sektorlara təzyiqi artırmasa və Ukrayna döyüş meydanında güclü qalsa, sülhə daha da yaxın olacağıq”.

O qeyd edib ki, Ukrayna müharibəni dayandırmaq istəyir və bu mesajını lazımi yerlərə çatdırıb.

“Dünən də bəyan etdim ki, Rusiya və ABŞ Ankoricdə Ukrayna haqqında Ukraynasız danışıb. Bu, xüsusən də Amerika üçün səhv idi, çünki Putin ABŞ-nin mövqeyini zəiflədir. Düşünürəm ki, o, ABŞ Prezidenti Donald Trampa yalan danışıb. Hər halda, biz danışmağa hazırıq, amma ərazimizdən imtina etməyəcəyik”.