Zəlimxan Yaqubun kəndçiləri arzularına qovuşdu



Gürcüstanda şairin adına Poeziya Evinin inşası xalqlar arasında əlaqələri gücləndirəcək



Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya Evinin inşası üçün torpaq sahəsi ayrılıb.

Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, nasir, publisist və tərcüməçi Nəriman Əbdülrəhmanlı Poeziya Evinin inşası üçün lazımlı tədbirlərin görülməsi ilə bağlı təkliflərini səsləndirmişdi. 



O, “Şərq”ə açıqlamasında bildirib ki, Gürcüstan hökuməti Xalq şairinin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərə həssas yanaşmalıdır: 

“Xalq şairi Zəlimxan Yaqubun Poeziya Evinin tikilib-başa çatması əlamətdar hadisə olacaq. Bu ev Azərbaycan və gürcü xalqları arasında ədəbiyyat və mədəniyyət, eyni zamanda dostluq körpüsünü daha da möhkəmləndirən məkanlardan birinə çevrilə bilər. Həmin Poeziya Evində yalnız Zəlimxan Yaqubla bağlı yox, həm də Azərbaycan və gürcü mədəniyyətlərinin qarşılıqlı əlaqələri ilə bağlı tədbirlər keçirmək olar. Bu baxımdan torpaq sahəsinin ayrılması olduqca sevindiricidir. Hər zaman bildirmişəm ki, belə bir poeziya məkanı Azərbaycan və gürcü mədəniyyət xadimlərinin, ədəbiyyatçılarının yubileyləri və kitab təqdimatları üçün mədəni mərkəzə çevrilə bilər. Ona görə də poeziya evinin yaradılması olduqca dəyərli bir işdir”.