"Ən ciddi problemim madiyyatdır. Hələki bir dostumdan aldığım borcla, siqaret və zəruri şeyləri ala bilirəm. O pul da 1-2 günə tükənəcək"
Dünyanı koronavirus adlı bir bəla cənginə alıb. Ölümcül infeksiyasının əhatə dairəsi hər gün bir az da genişlənir. Planetə meydan oxuyan hegemon ölkələr belə virusla mübarizədə xeyli çətinliklərlə üzləşib.
Təbii olaraq ölkəmiz də bu proseslərdən kənarda deyil. Virus yavaş-yavaş Azərbaycanı da bürüyür. Sözsüz ki, dövlət dünya ölkələrinin yaşadığı fəlakət günlərindən nəticə çıxarıb, pandemiyanın sürətini azaltmaq üçün bütün gücü ilə çalışır. Müxtəlif izolyasiya tədbirlər həyata keçirir, insanları narahat edəcək məsələlərin həlli üçün müvafiq iş planları hazırlayır. Əsas məsuliyyət isə vətəndaşlarımızın üzərinə qoyulub. Bizə düşən ölkə ərazisində xəstəliyin geniş vüsət almaması üçün Operativ Qərargahın qərarlarına ciddi əməl etməkdir. Diqqətli və məsuliyyətli olsaq bu bəladan daha az itki ilə çıxa bilərik.
ÜST-ün və Operativ Qərargahın tövsiyyələrinə və karantin rejimin qaydalarına istisnasız riayət edən yazar Cəlil Cavanşir də hər bir Azərbaycan vətəndaşını evdəqalmağa çağırıb.
- Cəlil bəy, koronavirus pandemiyası ilə bağlı dünyada və ölkədə gedən prosesləri necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, dünya və ölkəmiz çox ciddi sınaq qarşısındadır. Koronavirusun törətdiyi COVID-19 xəstəliyi sürətlə yayılır, artıq pandemiya elan olunan bu xəstəliklə bağlı hər gün neqativ xəbərlər gəlməkdə davam edir. Dünya virusla savaşır. Xof, təşviş, qorxu, narahatlıq artır, insanlıq ciddi sınaqla üzləşdiyini idrak edir. Ölkəmiz də bu savaşın, bu bəlanın içərisindədir.
Dövlət öz üzərinə düşəni edir, təcrid, karantin, xüsusi rejim tətbiq edilir. Vətəndaşlar üçün güzəştlər və yardımlar planlaşdırılır, bunun həyata keçirilməsi gözlənilir. Ağır və əzablı günlərdir. Hamı üçün olduqca ağır çətin sınaq və imtahandır. Bu sınaqdan çıxmağımızın hələlik yeganə yolu, özümüzü və yaxınlarımızı qorumaq, qadağalara və tövsiyələrə əməl etməkdir.
- Azərbaycanda da koronavirusla mübarizə istiqamətində xüsusi karantin elan edilib və qaydalar getdikcə daha da ciddiləşir. Artıq küçəyə çıxmaq üçün SMS lə icazə almaq lazımdır. Bu qədər sərt addımlara ehtiyac vardı?
-Məncə daha sərt tədbirlər görülməsə insanları küçədən yığmaq mümkün olmayacaqdı. Günəmuzd, gündəlik işləyən insanları anlamaq mümkündür, amma küçədə veyillənənlərə bu qadağa vacib idi. Ümid edirik dövlət sosial yardımları gecikdirməyəcək. Əgər sosial təminat olmasa, bu virusdan da böyük bəlalara səbəb olacaq.
-Karantin rejimini harada keçirirsiniz? Bakıda, yoxsa rayonda?
- Karantin elan olunana qədər işimlə əlaqədar rayona gedə bilmədim. Ona görə də karantini ən ağır şəkildə keçirirəm. Doğmalardan, dostlardan, yaxınlardan uzaq, gərgin və narahat. Daha çox onların sağlamlığından narahatam. Buna baxmayaraq pozitivliyimi qoruya bilirəm. Ovqatım yüksəkdir. Hələki ümidli və inamlıyam.
- Sizin bölgədə virusla bağlı vəziyyət necədir ?
- Hər gün valideyinlərimlə əlaqə saxlayıram. Oğuz rayonunda vəziyyət hələki yaxşıdır. Yoluxma qeydə alınmayıb. İnsanlar da qaydalara riayət edirlər.
- Evdə qal çağırışına necə əməl edirsiniz? Bütün gün evdə oturmaq çətin deyil ki..?
- Mən nə qədər azad ruhlu insan olsam da, məsuliyyət hissi evdən çıxmağıma mane olur. İndi sadəcə özümü yox, bütün insanları düşünürəm. Heç kəsi riskə atmamaq üçün, evdən çıxmıram. Evdə özümlə vaxt keçirməyi illərdi öyrənmişəm. Uzun müddət evdə işlədiyim üçün, ev heç zaman mənə darıxdırıcı gəlməyib. İllərlə tək yaşamışam, evdən ən vacib hallarda çxmışam və bu səbəbdən karantin mənə qorxulu gəlmir. Evdə qalmaqla bağlı narahatlığım yoxdur.
-Evdə nə işlə məşğul olursunuz?
-Gündəlik rejim qurmuşam. Karantindən öncə olduğu kimi erkən oyanıram, gimnastika ilə məşğul oluram və hər gün duş alıb meditasiya edirəm. Sonra kitab oxuyuram, film izləyirəm, sosial şəbəkələri, xəbər saytlarını izləyirəm və həvəsim olanda yazıram.
- Yaradıcılıq işləri necə gedir? Virus təşvişi fikirlərinizi cəmləməyə mane olmur ki?
- Hazırda şərti adı “Karantin” olan kino-ssenari üzərində işləyirəm, daha doğrusu hələki ssenarinin əhvalat, hekayə hissəsini yazıram. Qətiyyən təşvişdə deyiləm. Qaydalar çərçivəsində yaşamaq maraqlıdır. Sadəcə nigaranam. Qaydaları pozan, yoluxan, xəstəxanada müalicə alan insanlardan nigaranam. Şəxsim adına heç bir xofum, təlaşım yoxdur.
- Qidalanma rejiminizə necə duqqət edirsiniz? İmmunitet artırmaq üçün hansı qidalardan istifadə edirsiniz.
- Qidalama rejiminə heç zaman diqqət etməmişəm. Hərdən, həvəsim olanda yemək bişirirəm. Xüsusi olaraq qida rejimim yoxdur. Səhərlər və axşamlar yemirəm. Xüsusi qida rasiyonum yoxdur. Mümkün olduğu qədər süd məhsullarına üstünlük verirəm.
- Hamı karantin dövründə piylənmədən şikayət edir, rejim gözləyə bilirsinizmi?
- Mən karantinə qədər də piylənmədən əziyyət çəkirdim. Uşaqlıqdan artıq çəki problemim var. Amma karantin başlayandan 1-2 kq arıqlamağa nail olmuşam. Mümkün qədər fiziki hərəkətlər edirəm, gimnastika və ev şəraitində idmanla məşğul oluram. Az yeyirəm. Yalnız hədsiz aclıq hiss edəndə qida qəbul edirəm. Ona görə də karantini artıq çəki almadan başa vuracağıma inanıram.
- Maddi təminatınız varmı, yoxsa sizdəmi bir çox vətəndaş kimi işsiz qalmısınız?
-Ən ciddi problemim madiyyatdır. Karantindən öncə və karantin müddətində işlədiyim işlərin qonararını hələki ala bilməmişəm. İş yerim karantin başlanan kimi bağlanıb. Əməkdaşlıq etdiyim nəşriyyatlar da ödənişləri qeyri-müəyyən vaxta qədər gecikdirir. Hələki bir dostumdan aldığım borcla, siqaret və zəruri şeyləri ala bilirəm. O pul da 1-2 günə tükənəcək. Dövlətin ayıracağı yardıma da ümidim yoxdur. Hələki şəxsi maliyyə böhranımı idarə edirəm. Bir həftə sonra nə olacağını isə dəqiq bilmirəm.
- Ölkəmizdə bir çoxları təhlükə olmadığını iddia edib öz əvəlki həyatını davam etdirir. İnsanları inandırmaq üçün nə etmək lazımdı?
-Təhlükə olmadığını iddia edənlər statistikaya nəzər salsın, ölüm sayına baxsın. Təhlükə çox böyükdür və bu risklə zarafat etmək olmaz. İnsanları qorxutmaq istəməzdim, amma bu bəladan qurtulmağın hələ ki yeganə yolu sosial təcridə, karantinə ciddi riayət etməkdir.