"Bundan sonra mərhəmət hissi artacaq. İnsanlar pulun, həqiqətən, əl çirki olduğunu başa düşəcəklər"
"Həmçinin 500-600 nəfərlik, xoşagəlməz mənzərə yaradan toylar unudulacaq və yerini daha xudbani məclislərə verəcək"
Koronavirus pandemiyası gündəmi elə zəbt edib ki, insanlar nəinki başqa mövzu haqqında danışa, heç ayrı məsələ barədə düşünə də bilmirlər.
Dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq hamını maraqlandıran bir məqam var- biz bu bəladan nə vaxt yaxa qurtara biləcəyik? İnsanlar həsrətlə həmişəki kimi səhər qaçışlarını, işə gedəcəklərini, əzizlərini möhkəm, heç nədən çəkinmədən, qorxmadan bağırlarına basacaqları, qucaqlayacaqları günü gözləyirlər. Hamı əvvəlki dünyanın intizarındadır. Bəs bəşəriyyət nə vaxt ona öyrəşdiyimiz təbəssümü ilə bizi salamlayacaq, "qayıtdım" deyəcək. Bunu heç kim bilmir.
"Sherg.az" saytı olaraq koronavirus pandemiyası ilə bağlı fikirlərini öyrənmək üçün "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəslə həmsöhbət olduq:
- Pandemiya ilə bağlı nə düşünürsünüz?
- Koronavirus pandemiyası 1920-ci illərdə baş verən ispan qripini xatırladır. Ancaq dünya buna hazır deyildi. Heç kimin ağlına gəlməzdi ki, evdən çölə çıxa, əllə salamlaşa bilməyəcək. Nəinki Yaponiya, Cənubi Koreya kimi nəhəng dünya dövlətləri, hətta ÜST də bu infeksiya qarşısında acizdir. Hələ ÜST-dən nikbin bir proqnoz eşidə bilməmişik.
- Belə bir çətin dövrdə ədəbiyyat insanlara necə kömək olmalıdır?
- Adətən ədəbiyyat baş verən hadisələrə sonradan qiymət verir. Müharibələr, o cümlədən Qarabağ döyüşləri də buna misaldır. Amma indiki hal istisnadır. Bu gün ədəbiyyat vaxtında münasibət bildirməlidir. Sonra gec ola bilər. Məsələn, mən fürsətdən istifadə edib "Koronavirus dövrünün sevgisi" adlı bir şeir yazdım. Gələcəkdə də bu mövzuda fəaliyyətimi davam etdirəcəm. Lakin bütün ədiblər məsələyə həssas münasibət göstərməlidirlər. Həm də nəzərə almaq lazımdır ki, insanlar evdədir. Kitablarla, ədəbiyyatlarla başlarını qata, vaxtlarını səmərəli keçirə bilərlər.
-"Ulduz" jurnalı redaksiyası olaraq siz hansı təşəbbüslərlə çıxış edirsiniz?
- "Ulduz" jurnalı fərqli layihələr, müsabiqələr təşkil edir. Biz gənc yazarların koronavirus pandemiyası ilə bağlı hekayələrini jurnalımızda və rəsmi "Facebook" səhifəmizdə yayırıq. Həmçinin canlı yayım vasitələ "Ulduzlu qonaqlar" rubrikasını təşkil edir, tanınmışlarla ünsiyyət yaradırıq. Bir neçə gün əvvəl izləyicilərimizin sayı fantastik rəqəmə çatmışdı-1440 tamaşaçımız var idi. Həm də xarici ölkələrlə əlaqə yaradırıq. İndiyə kimi İspaniya, Türkiyədəki məşhurlarla canlı ünsiyyət yaratmışıq. Yaxın gələcəkdə analoji planı Almaniya üçün nəzərdə tutmuşuq. Çalışırıq ki, bəhanələrə yer olmasın. Yəni özümüz şeirləri səsləndirir, oxucuların, tamaşaçıların görüşünə gəlirik. Onlara qalan ancaq ədəbiyyata sarı bir addım atmaqdır. Onu da deyim ki, Mədəniyyət Nazirliyinin elan etdiyi hekayə müsabiqəsini də yüksək qiymətləndirirəm. Amma burda əsas diqqət yetirilməli məqam fədakar peşə sahiblərinin, o cümlədən polislərin, həkimlərin və həm də jurnalistlərin işini qabartmaqdır.
- Siz Azərbaycan mətbuatında öz sözünüzü deyən jurnalistlərdənsiniz. İndiki həssas dövrdə medianın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Belə fors- major situasiyalarda davranmaq Azərbaycan jurnalistləri, xüsusilə də yaşlı və orta nəsil nümayəndələri üçün çətin deyil. Çünki onlar daha çətin durumlarda fəaliyyət göstəriblər. Media işçilərimizin indiki fəaliyyətini yüksək qiymətləndirirəm. Onlar əsl cəsarət nümunəsi göstərir, heç nədən qorxmurlar. Texniki imkanlarla yanaşı, jurnalistlərimizin yüksək vətəndaşlıq mövqeyi, ləyaqətləri də peşəkar formada fəaliyyət göstərmələrinə təsir edir. Onu da deyim ki, digər peşə sahiblərindən fərqli olaraq, jurnalistlər həmişə ön cəbhədədirlər, təkcə fövqəladə vəziyyətlərdə yox.
- Necə düşünürsüz, koronavirus pandemiyasından sonra dünyada nələr dəyişəcək?
- Mən nikbin adamam. Həmişə də nikbin gələcəyə inanmışam. Dünyada çox şey dəyişəcək. Məsələn, mərhəmət hissi artacaq. İnsanlar pulun, həqiqətən, əl çirki olduğunu başa düşəcəklər. Axı koronavirus pullarla da insana keçir. Həmçinin 500-600 nəfərlik, xoşagəlməz mənzərə yaradan toylar unudulacaq və yerini daha xudbani məclislərə verəcək. Ailəyə diqqət artacaq. Gecə saatlarına qədər çöldə olmaq kimi mənfi vərdiş aradan qalxacaq.
- Dediniz ki, koronavirusa şeir yazmısınız. Bəs nəsr əsəri yazsanız, adını nə qoyardız?
- Bilmirəm. Mən yazını yazandan sonra ona ad qoyuram. Və elə sərlövhə seçirəm ki, bütün məzmunu özündə ehtiva eləsin.
- Yəqin, arada eyvandan şəhərə baxırsınız...
- Bəli, baxıram. Bakının havası dəyişib. Həm də küçələr bomboşdur. Bu, insanı qəhərləndirir. Bir daha təsdiq olunur ki, yer üzünün əşrəfi insandır. İnsansız hər yer mənasızdır.
- Camaata məsləhətləriniz nədir?
- Qaydalara və tövsiyələrə əməl etmək lazımdır. Qaydalara nə qədər çox əməl etsək, "həbs"dən bir o qədər tez azad olacağıq. Şərtlər çox sadədir. Çətin heç nə yoxdur. Bir müddət sevdiklərinizi unutmalısınız. Sevdiyiniz insanlardan, vərdişlərdən uzaq durmaq vacibdir. Çünki virusun sizdən onlara yoluxma ehtimalını nəzərə almaq lazımdır. Həm də iki saatlıq icazə alıb Bakını iki dövrə vurmaq, Sumqayıta qədər gedib çıxmaq kimi bəsit davranışlara nə ehtiyac var?! İndi yer üzündə milyonlarla yox, bircə insan var. Hamı bir olmalı, eyni cür davranmalıdır.