"Mən koronavirusu kifayət qədər ciddi xəstəlik kimi qəbul edirəm" - Aysel Əlizadə


  Nə qədər edirik edək, koronavirusdan başqa nəsə düşünə bilmirik. Günümüzü pandemiya xəbərləri ilə açır, axşama kimi yoluxma, ölüm xəbərlərinin az olması üçün əl açıb Allaha dua edirik. Əzizlərimizlə telefon danışıqlarını bacardığımız qədər uzadır, səslərini daha çox eşitmək istəyirik.

Sevdiklərimizə hər gecə şirin yuxular arzulamaqla yanaşı, həm də özündən xəbərsiz şəkildə onu Tanrıya əmanət edirik. Sabah hər şey ola bilər axı. Korovirus bizə həm də bunu öyrətdi-ölüm qaşla göz arasındadır. Bəs, görəsən, ilahi Yaradanla müqayisə edilən yazarlar  (fikir məşhur türk müəllifi Elif Şəfəqə aiddir) bu barədə nə düşünürlər. Gənc və istedadlı qələm sahibi Aysel Əlizadə “Şərq”in suallarını cavablandırıb:

-Aysel xanım, karantin günlərini necə keçirdiniz?

-Xüsusi heç nə etmədim. Ədəbi fəaliyyətimi davam etdirdim, kitab üzərində işlədim. Yaxın zamanda bu kitabı çapdan çıxarmaq istəyirəm. 

-Nə vaxtsa, pandemiya mövzusunda əsər yazmaq barədə nə düşünürsünüz?

-Əlbəttə, olar. Dünya təcrübəsində belə hallar çox olub. Markes, Çexov və başqaları müxtəlif qlobal xəstəliklərə həsr olunmuş bədii nəsr nümunələri yaradıblar. Çünki həyat ədəbiyyatda qalır. Və ümumiyyətlə, ədəbiyyatda belə mövzular daha çox yaşayır. 

-Niyə belədir?

-Çünki böyük yazıçı əsərində fəlakət dövründə hökumətin məsələyə münasibətindən tutmuş, tibbin inkişafına, insanların psixoloji durumundan tutmuş, əks-cins nümayəndələrinin ünsiyyətindəki dəyişikliklərə qədər hər şeyi yazır. Bu isə, şübhəsiz, oxucu üçün maraqlıdır. Ümumiyyətlə, tarixi faktlar bədii əsərlər vasitəsilə auditoriyaya daha rahat çatır, nəinki tarixi romanlarda.

 - Belə əsərləri yazarkən təxəyyüldən istifadə etməyə münasibətiniz necədir? Axı ortada konkret fakt var.
 
-Düzdür. Amma yazıçılar tarixi mövzuda əsərlərdə də təxəyyülə müraciət edirlər. Koronavirusun olması faktdır. Ancaq kimi bunu siyasi oyun kimi qiymətləndirir, kimi də yarasalardan keçdiyinə  inanır. Müəllifin hadisəni necə işıqlandırması artıq onun yanaşmasından, təxəyyülündən asılıdır. Əsas odur ki, fakt faktlığında qalır. 

- Doğrudan da, pandemiya haqqında fikirlər müxtəlifdir. Sizin fikriniz necədir?

- Mən bu infeksiyanı, yəni koronavirusu  kifayət qədər ciddi xəstəlik kimi qəbul edirəm. 

 - Nə vaxtsa bu haqda əsər yazsanız adını nə qoyardınız?

-Bilmirəm (gülür). Amma elə ad seçərdim ki, maraqlı olsun.