"Karantin dövründə qəribə bir hal müşahidə elədim. Kişilər çölə çıxmayanı lağa qoyurdular"
"Demək olar bir günün 10 saatını mütaliəyə ayırıram. Son vaxtlar daha çox oxumuşam, nəinki yazmaq. Düşünürəm ki, bu qədər yazılan əsərlər var, onlarla tanış olmaq lazımdır"
Karantinli günlər davam edir... Rəsmi qərarla müddət uzadılsa da aprelin 27-dən etibarən xüsusi karantin rejimi mərhələli şəkildə yumşaldılır. Bir sıra iş yerləri, fərdi satış obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib.
Bu qərardan sonra paytaxtda gediş-gəliş ciddi rejim günləri ilə müqayisədə artmağa, şəhər canlanmağa başlayıb. Bir sözlə, xüsusi karantin rejiminin ilk günlərindəki səssizlik yoxdur. Mayın 18-dən isə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunacaq. Rayonlarda isə həyat çoxdan öz axarında davam edir. Belə ki, mayın 4-dən etibarən rayon sakinləri üçün xüsusi karantin rejimi bitmiş hesab olunur.
Təbii ki, bu hər kəs üçün keçərli deyil. Hələ də özünü bu vəziyyətə motivasiya etməyə çalışan, evdə müxtəlif məşğuliyyətlər tapıb kitab oxuyan, faydalı işlərlə məşğul olan insanlar da yox deyil. Hələ koronavirus pandemiyası bəşəriyyəti iflic edib, insanları "ev dustağı"na çevirməzdən əvvəl şəhər mühitindən uzaqlaşıb balaca bir kənddə öz hücrəsinə çəkilən gənc yazar Ayxan Ayvaz karantin rejiminin yumşalmasına rəğmən gigiyenik qaydalara uymağa çalışır. Bu barədə "Şərq"ə müsahibə verən yazar karantin rejimini yaradıcı adamlar üçün bir növ şans kimi dəyərləndirib.
- Karantin günlərində Bakıda yaşayan yazarların təəssüratlarını almışıq. Siz isə bir müddətdir Xaçmazda yaşayırsınız. Çoxları üçün darıxdırıcı və etiraz dolu karantin günlərini necə keçirirsiniz?
- Mən əslində koronavirusdan əvvəl karantində idim. Özüm özümü karantinə almışdım. Demişdim ki, çölə çıxmayacam, oturub romanımı tamamlayacam və mühüm kitablar oxuyacam. İşimi əvvəlcədən buna uyğun qurduğum üçün darıxmadım təbii ki. Dostları və ədəbi mühiti tərk etməyim lazım idi. Artıq o mühitdən və o söhbətlərdən hədsiz doymuşdum. Həm də hiss edirdim ki, biz əslində elə bir-birimizə mane olmaqla məşğuluq. Hər gün "28 May"dakı "Delikates" kafesinə yığışıb ölkədəki ədəbi durumla bağlı söhbətlərimizdə bir-birimizə neqativ ötürməkdən başqa heç bir işimiz-gücümüz yox idi. Ona görə də mən özümü karantinə alıb bu neqativlərdən uzaqlaşmağı qətiləşdirdim. Bu səbəbdən də karantin söhbətinin ortaya çıxması məndə elə də şok effekti yaratmadı.
- Şəhər sakinlərindən fərqli olaraq rayon camaatı pandemiyanın varlığına bir o qədər də inanmır. Məskunlaşdığınız rayonda ümumi ab-hava necədir?
- Haqlı müşahidədir. Mən karantin dövründə burdakı camaata virusun nə qədər ciddi olması ilə bağlı mühazirə oxumaqdan boğazım "yırtıldı". Amma görünür, rayondakılar həm də ona görə arxayın idilər ki, virusa yoluxan adamla rastlaşmamışdılar. Karantin dövründə qəribə bir hal müşahidə elədim. Kişilər çölə çıxmayanı lağa qoyurdular. Yəni rayondakı bığıburmalar belə düşünürdülər ki, kişisənsə, çölə çıx, rahatca gəz, arvad kimi evdə oturmaq, virusdan qorxmaq nə deməkdir. Çox şükür, Azərbaycan xalqı mənə bu mənzərələri də göstərərək necə unikal bir xalq olduğunu bir daha təsdiq etdirdi.
- Bəs siz necə, COVİD 19-un varlığına inanırsınız? Qorunmaq üçün hansı izolyasiya və dezinfeksiya tədbirlərini görürsünüz?
- Bu, din deyil ki, inanıb-inanmayaq. Elmin yalanı olmaz. Təzə-təzə məsələ ciddiləşəndə hər gün əlimi yalan olmasın 70 dəfə yuyurdum (gülür). Zamanla bu gigiyenik qayda anormallıqdan çıxdı. Hətta bir ara zarafata da saldım bunu. Dedim, bu necə virusdu ki, sabunla çıxıb gedir. Virus gələndən qucaqlaşa bilmirəm adamlarla. Məni ən çox bu sıxır. Salam verən olanda yumruğumu uzadıram, o da gülümsünür. Sosial məsafəni qorumağa çalışıram, elə gəzirəm, qıraqdan baxanda sizə elə gələ bilər ki, yanımda görünməyən bir dəstə var. Həmin dəstənin uzunluğu qədər məsafə saxlayırdım adamlarla. Bu bir müddət belə davam etdi. Hətta çox qorxuya düşmüşdüm. Psixikam pozulmuşdu, yata bilmir, ürəyim əsirdi və çarəni gedib əlimi 40 saniyə axar suda tutmaqda görürdüm (gülür). Son vaxtlar isə artıq o anormallıqlar yoxdu. Hətta bir ara dedim ki, nə ola, bir "kruq" bu virusa yoluxaq, görək başımıza nə gəlir.
- Yaradıcılıq işləri necə gedir? Karantin rejimində asudə vaxtın çoxluğundan faydalana bilirsiniz?
- Karantin dönəmində yarımçıq romanımı təzədən işləmək şansı qazandım. Dayanmadan və sürətlə yazırdım. Təxminən 10 gün bu cür davam etdi. Sonra tempim düşdü, ancaq o romanı yaza bildiyim üçün çox xoşbəxt oldum. İndi sonları qalıb. Bir az ara vermişəm. Məndə belədir. Zorla heç nə yaza bilmirəm. Gərək dolam. Bir müddət dəmə qoyub təzədən qayıdacam. Təbii ki, güc tapa bilsəm.
- Evdə qalmaq bir çoxları üçün kitab oxumağa bir fürsət oldu. Hətta nəşriyyatlar da kitab satışının artdığını təsdiqləyir. Siz mütaliəyə nə qədər vaxt ayıra bilirsiniz?
- Mütaliə baxımından da yaxşı oldu mənim üçün. Ümumiyyətlə, demək olar bir günün 10 saatını mütaliəyə ayırıram. Son vaxtlar daha çox oxumuşam, nəinki yazmaq. Düşünürəm ki, bu qədər yazılan əsərlər var, onlarla tanış olmaq lazımdır. Yazmaq sonranın işidir.
- Hansı kitabları oxudunuz bu müddət ərzində, hansı mövzulara üstünlük verdiniz?
- Həm xarici müəlliflərdən, həm də yerli müəlliflərdən oxudum. Əvvəlcə bədii kitablar yox, elmi kitablara üstünlük verdim. Yuhal Harrarinin üç kitabını oxudum. Daha sonra isə bədii ədəbiyyat üçün burnumun ucu göynədi. Və xeyli əsər oxudum. Bir-bir hamısını demək istəmirəm. Bircəciyini deyim: Marsel Prustun məşhur "İtirilmiş zamanın sorağında" əsərini bitirdim. Haqqında yazı yazacam. Mənə çox şey qatdı Prust. Bir az spesifik məsələdir bu. Daha çox yaradıcı adamların anlayacağı bir şey. Ona görə çox da dərinə getmirəm. Eyni zamanda yerli müəllifləri oxudum. Qəribədir, H.Z.Tağıyev haqda xeyli maraqlı faktlarla rastlaşdım. Onun haqqında yazılan, yaxud onun da bəhsi keçən bir neçə kitab oxudum. Düşünürəm ki, bir az daha faktlar toplayım, əlimdə xeyli arxiv materialı olsun, imkan tapsam, Tağıyevdən yığcam bir roman yazacam. Azərbaycanın ən böyük kişilərindəndir Tağıyev. Və onun romanlara sığacaq möhtəşəm bir həyatı, fəaliyyəti var.
- Kirayə qalırsınız bildiyim qədəri ilə. Karantin rejimində maddi çətinlikləriniz oldumu?
- Mən Xaçmazın Çarxı kəndində qalıram. Kirayə qaldığımız evin sahibi Sərkər baba ilə elə doğmalaşmışıq ki, artıq onu öz babam kimi görürəm. Nəinki karantin dövründə, hətta ondan əvvəl də maddi sıxıntılar yaşamadım. Çünki kənd yerində elə də çox xərcin çıxmır. Həm də mən qənaətlə yaşamağı öyrənən adam olmuşam. Buna görə də hər şey qaydasındadır.
- Bir neçə yerdə roman yazmağınızdan bəhs edirsiniz. Romanın adı, mövzusu barədə qısa məlumat verərdiniz, əgər sirr deyilsə...
- Əslində bir yox, iki roman yazıram. Hələ tamamlamamışam. Biri intihar etmək istəyən tələbə haqdadır, o biri xaricdə yaşayan azərbaycanlı ailəsi barədə. Hələ ki ad məsələsi şərtidir, ona görə də dəqiq bir şey deməyəcəm. Yəqin ki, bitirəndən sonra daha geniş danışa biləcəyik bu haqda.
- Karantin dövründə müşahidə etdiyiniz insanlar, hadisələrlə bağlı da roman yazmaq planınız varmı?
- Bəlkə nə vaxtsa ola bilər. İndidən proqnoz vermək çətindir. Əsas odur ki, dünya bu bəladan qurtulsun.
- Son günlər yoluxma sayı ziq-zaq gedir. Həkimlər və rəsmilər bu dalğalanmanı vətəndaşların məsuliyyətsizliyi, sosial izolyasiya qaydalarını pozmaları ilə əlaqələndirir. Tövsiyələr və cərimələr effekt vermir. İnsanlarla hansı "dil"də danışmaq lazımdır. Siz öz oxucularınıza nə məsləhət görürsünüz?
- Məncə, hər şey deyilib. Nəsə demək artıqdır. Başa düşənlər, söhbətin nədən getdiyini anlayanlar kifayət qədərdir. Oxucularıma gəlincə, onlara demək istəyirəm ki, əgər varsınızsa, sağlamlığınızı qoruyun, yeni kitabım gəlir, sizin oxumağınız vacibdir.
Fürsətdən istifadə edib müsahibənin sonunda Bakıdakı dostlarıma da salam göndərirəm (gülür).