Naşir: “Ədəbiyyatda “xaltura”lar təəssüf doğurur”

“Amma istənilən halda şəxsi inkişaf kitablarının əleyhinəm deyiləm”

“...Əksinə, onları lazımlı hesab edirəm”


İstənilən kitab mağazında şəxsi inkişaf kitablarına rast gəlmək mümkündür. Amma bu tip ədəbiyyatlara münasibət birmənalı deyil. Bəziləri onları əhəmiyyətli hesab edir, bəziləri isə “kiminsə şəxsi fikri mənim nəyimə lazım?” deyə düşünərək həmin rəfə yaxın da durmur. Naşir, təhsil eksperti Rafiq İsmayılov “Sherg.az”a açıqlamasnda bildirib ki, belə kitabları oxumaqda fayda var: 

“Sözügedən istiqamət ədəbiyyatda  janr kimi artıq formalaşıb. Özü də bu, yeni janr deyil. Sadəcə biz Deyli Karneginin və başqa yazarların yaradıcılıqlarının timsalında “Qobusnamə”nin, “Gülüstan”ın, “Bustan”ın, həmçinin Nəsrəddin Tusinin, Abbasqulu ağa Bakıxanovun və digərlərinin əsərlərinin müasir formasına rast gəlirik.

Əlbəttə, belə bir cərəyan yaranıbsa və tələbat varsa, deməli, olmalıdır. Hər halda şəxsən mən də Deyli Kanegidən çox şey öyrənmişəm. Nəzərə almaq lazımdır ki, onların məsləhətləri real həyatdan götürülüb və hər birimizin başına gələ bilər.

Təəssüfləndirici məqam “xaltura”ların da olmasıdır. Amma istənilən halda mən belə ədəbiyyat nümunələrinin əleyhinəm deyiləm və əksinə, onları lazımlı hesab edirəm”.