Mövlud Süleymanlı: "Bir xəstəliyin ki, adı şəkərdi, onunla yol getmək asandır"
"Şuşaya getməyənlərin inciməsi mənasızdır, vallah, mən öz yerimi lap 50 adama verə bilərəm"
"Gözüm imkan vermir, bir ildi yaza bilmirəm. Başqasına da diktə etmək... mən sözə qıya bilmərəm! Bu mənə tərbiyəsizlik kimi gəlir"
Xalq yazıçısı Mövlud Süleymanlı Şuşanı bir bilsəz, necə tərif etdi; Şuşanın havası ruhla doludu. Orda heç vaxt darıxa bilməzsən. O yamaclar, o dağlar... Bir-birinə söykənən dağlar... Bənzərsizdi. Az qala səsini eşidirsən dağların, yamacların. Səsini onların səsinə qatmaq istəyirsən...
Bilmirdim, Mövlud Süleymanlı da budəfəki Vaqif Poeziya Günlərində Şuşada olub. Narazıları bilirdim. Razılar zatən bəlli. Vaqifin məqbərəsi önündə çəkilmiş tarixi xatirə fotosunda da Mövlud müəllimi seçə bilməmişdim. Maşallah, o qədər iştirakçı vardı ki. Öndə duranları, bir az da sağda, solda, ikinci cərgədə... dayananları tanıdıq (gərək bir də baxım o fotoya – M.R). Mövlud müəllim özü dedi, Şuşaya getdiyini. Dünən zəng etdim ona. Səsində istilik, mehribanlıq, doğmalıq var Mövlud müəllimin. Əminsən ki, danışacaq səninlə. Qırmayacaq. “Vaxtım yoxdu, məşğulam. Sonra zəng edərsiniz”, deməyəcək. Nə də candərdi, könülsüz, quru-quru danışacaq. Özü deyən kimi “Mən dillə, üslubla yaşayan adamam” – üslubuna, dilinə heç vaxt asi çıxmayan insanlardandı Mövlud Süleymanlı. Bu söhbətdə məni və əminəm ki, oxucularımızı üzəcək xəbər var həm də. Mövlud müəllim “gözlərim imkan vermir yazmağa”, dedi... Şəkərdənmiş... Ona zəng edəndə poliklinikadaydı.
- Poliklinikadayam. Şəkər dərmanına görə.
- Bəlkə evə gedəsiniz, sonra danışaq...
- Yox. Vaxtım var. Həkimi gözləyirəm. Sakitlikdi. Danışa bilərik.
- Bu şəkər nə məsələdi, Mövlud müəllim?
- Təhlükəli bir şey deyil. Şəkərdi də... Gözləyirəm özümü. Bu elə bir xəstəlikdi ki, insanın özündən asılıdı. Bir xəstəliyin ki, adı şəkər ola. Onunla yola getmək asan olar.
- Amma təhlükəli tərəfləri də var axı.
- 40 yaşımdan mənnəndi. İndi 79 yaşım var... Deyilənlərə əməl edirəm. Çalışıram, normada qalsın. İllərdi birgə yol gedirik.
- Vaksin vurdurmaq necə, tələb olunur sizdən?
- Tələb deyəndə ki, deyirlər, vurdurmaq lazımdı. Amma məndə həm də allergiya var. Mən də tələsmirəm. Uşaqlar hamısı vurdurub (ailəsini nəzərdə tutur).
- Şamaxıda necədi vəziyyət, bağınızda...
- Yaxşıdı. 200-dən çox ağacım var. Hətta nar adamın üzünə “baxır”, artıq...
- Bəs bağdan kənarda necədi vəziyyət?
(nəyə işarə etdiyimi əlbəttə, “tutdu”. Tutmazmı?! Səsində gülüş sezildi)
- Yaxşıdı. Özümdən kənarda hər şey yaxşıdı... Şuşaya getmişdim. Şuşa elə bir yerdir ki, onu görmədən də sevirsən. Elə bil Şuşanı qayibanə bir əl qurub...
- Mövlud müəllim, Vaqif Poeziya Günlərinə siz də getmişdiniz?
- Bəli, ordaydım. Səhər saat 6-da yola çıxdıq, 1 gün də qaldıq.
- Vaqifin məqbərəsi önündə çəkilmiş fotoda sizi görmədim, bəlkə də fərq etməmişəm...
- Çox adam vardı. Bəlkə yüz nəfər. Hamını görə bilməzsiz.
- Niyə ki?! Öndə duranlar görünürdü...
- Mən öndə durmağı xoşlamıram. Əslində xalq yazıçısı kimi ön cərgədə yerim var. Amma sevmirəm, heç vaxt da sevməmişəm özümü önə çəkməyi.
- Mövlud müəllim, narazı qalanlar da var. “Bizi niyə dəvət etmədilər, bizi niyə aparmadılar”. Hətta Yazıçılar Birliyindən istefa verənlər də oldu...
(Mən bunları deyirdim, Mövlud müəllim Şuşadan danışırdı. Bilmədim, səsimi yaxşı eşitmədi, yoxsa bilərəkdən söhbəti safa, təmizə çəkdi - M.R.)
- Yeni yollar çəkilir. O relyef elədi ki, nə iş görsən, nə etsən, gözəl görünür. Tozunu alırlar şəhərin. O yara yerlərini sağaldırlar... Yiyəsiz deyil daha Şuşa. Xalq ona sahiblik edir. Havası ruhla doludu Şuşanın. Heç vaxt orda darıxa bilməzsən. O yamaclar, o dağlar. Bir-birinə söykənən dağlar... Bənzərsizdi. Az qala səsini eşidirsən dağların, yamacların. Öz səsini onların səsinə qatmaq istəyirsən. Hamı da görür ki, Şuşa Tanrının yaratdığıdı...
- Nə düşünürdünüz Şuşada qaldığınız gün?
- Məsəl var, deyirlər, dərd aparar, sevinc gətirər. 1988-ci ili xatırlayıram, Ağdama səfər etmişdik. Mən idim, rəhmətlik Bəxtiyar müəllim, Kamal Abdulla, Süleyman Əliyarlı. Dəstənin rəhbəri də Lidiya Rəsulova idi. O vaxt Əsgəranda Əli və Bəxtiyar adlı iki gənci ermənilər qətl etmişdi. Mən axı erməniləri yaxşı tanıyıram, bilirsiz, mən Qərbi Azərbaycandanam. Ermənilərə bələdəm. Onların dilini də bilirəm. Özü də bunların əlifbası erməni əlifbası deyil, qədim Suriya əlifbasıdı. Özləri yazıblar ki, 2500 il əvvəl hay adlı qaraçı tayfası Qafqaza, Qarabağa gəlib. Bunu biz yazmamışıq, öz tarixçiləri yazıb. Qurama bir tarix yaradıblar. Bunu onlara deyəndə, çaşıb qalırlar ki, hardan bilirsiz?! Sonra adlarını deyişib “erməni” elədilər. Gördülər ki, erməni adıyla bağlı tarixdə daha çox faktlar var, dönüb oldular “erməni”. Onlar istəyiblər həmişə özlərini yüksək tutsunlar, deyirdilər ki, biz türklərdən yaxşı yaşamalıyıq. Erməni ilə türk müqayisəolunmazdı. Həmişə belə sərsəm, tərbiyəsiz mövqe tutublar. Mən bütün xalqı nəzərdə tutmuram. Xalq başqadı, millət başqa. Xalq yetişib milləti formalaşdırır. Amma ermənilər daim idarə olunublar. İdarə olunduqları üçün də onlarda təbii qalxınma prosesi baş verməyib. Millət kimi formalaşmayıblar. Süni olansa, məhvə məhkumdur.
- Dediniz, 1988-ci ildə Ağdama getmişdiniz...
- O vaxt vəziyyət çox pis idi. Orda dedim ki, sizin vəziyyətiniz bizimkindən (Qərbi Azərbaycan) də ağırmış...
- Mövlud müəllim, işğaldan sonrakı Şuşa haqqında, Vətən müharibəsi haqqında yəqin yazacaqsınız, bəlkə də yazırsınız...
- Yox, gözüm imkan vermir... 1 ildi, yaza bilmirəm.
- (Ağlıma gələn bu oldu) Bəlkə yazmaq istədiklərinizi diktə edəsiniz, birisi yazsın. Belə təcrübələr var...
-... Yox, mən sözə qıya bilmərəm!.. Bu mənə tərbiyəsizlik kimi gəlir. Kimisə özün üçün işlədəsən. Mən dillə, üslubla yaşayan adamam. Gərək özüm duyum, özüm yazım. Bir romanım yarımçıq qalıb – “Tanrı oturacaqları”. Çap olunmayan əsərlərim çap olunanlardan çoxdu.
(Həkim gəlmişdi, ya da gözləyənlər artmışdı, nədi, poliklinika dəhlizində səs-küy artmışdı. Səs telefonda da eşidilirdi. Mövlud müəllim də bunu dedi - M.R.)
- Burda səs-küy artdı...
- Sizi yorduq, Mövlud müəllim, üzürlü sayın.
- Yorulmamışam. Təbli vaxtıma düşdünüz. Mənə səs-küy narahatlıq yaratmır. Səsin-küyün içində “tutdusa”, fərqi yoxdu, yazıram, yox, tutmadısa, istəyirsən məni beşiyə qoy, yazmayacam.
(Sağollaşmamış, narazılar məsələsini yenə “qaldırdım”. Cavab istəyirdim Mövlud müəllimdən – M.R.)
- Mövlud müəllim, bayaq dedim, cavab vermədiniz, Şuşaya gedə bilməyən narazılar var, hətta Yazıçılar Birliyindən istefa verən də.
- Niyə?
- Deyirlər, niyə bizi də aparmayıblar.
- Vallah, mən öz yerimi lap 50 adama verə bilərəm. Kim istəyir, getsin. Məncə, mənasızdı incimək. Orda olanda dedim ki, Şuşaya şükür! Bu bir şüara çevrildi. Şükür ki, Şuşa gəlib. Bizdədi. Hələ çox gedəcəyik ora!
Söhbətləşdi: Məlahət Rzayeva