Şuşaya getməyən yazıçılar NARAZIDIRLAR: “Bizi kiminsə siyahısına möhtac qoyurlar”


Qılman İman:“Mən AYB-nin üzvüyəmsə, Vaqif  Poeziya Günləri keçirilirsə, mən Şuşaya niyə getməməliyəm ?”

Şərif Ağayar:“Misal üçün Anara yaltaqlanmağın sonsuz avantajları içərisində Şuşaya gedə bilmək də var”

Tural Turan:“Ölkənin ən yaltaq şairləri (bir neçə istisna) Şuşadadır”


Azərbaycan poeziyasının incisi, görkəmli şair Molla Pənah Vaqifin xatirəsini yad etmək münasibətilə Şuşada Vaqif  Poeziya Günləri keçirilib. Qırx illik tarixi olan Vaqif  Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur.
Məhz elə bu məqsədlə bir sıra ictimai şəxslər, mədəniyyət adamları, incəsənət xadimləri, müğənnilər, o cümlədən yazıçılar Şuşaya yollanıblar. Onların arasında Rəşad Məcid, Baba Vəziroğlu, Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar, Ramiz Qusarçaylı kimi yazıçılar olub. Bu şəxslər və daha çoxu öz sevinclərini sosial media üzərindən insanlarla bölüşüblər. Bir də bu səfərdə iştirak edə bilməyənlər olub. Onlar isə sosial mediada öz etirazlarını yazıblar.  Kimi bunu ayrı-seçkilik, kimi yaltaqlığın nəticəsi, kimi də təslimiyyət kimi qələmə verib.

“Sherg.az” sözügedən yazıçılardan bəzilərinin paylaşımlarını təqdim edir:

AYB-nin üzvü, şair Qılman İman yazır ki, bu Vətən hamınındır, hamının da Şuşaya, digər azad olunmuş rayonlara getməyə haqqı var:

“Şuşaya getmək üçün lazım gəlsə dava da etməliyik! Çünki Şuşa bizim qürurumuzun, sevincimizin Allah yaxın yerində yerləşir. Şuşaya getmək hamı üçün maraqlı olmalıdır.Hamı istəməlidir. Şuşaya getmək mənim üçün ən müqəddəs arzulardan biridir. Mən 13 ildir AYB-nin üzvüyəm. Azərbaycanda çox cəmiyyət arasında tanınan, özünə görə oxucusu olan bir qələm adamıyam. Mən AYB-nin üzvüyəmsə, Vaqif  Poeziya Günləri keçirilirsə, mən Şuşaya niyə getməməliyəm ? Şuşaya Vaqif günlərinə təkrar gedənlərin hansı məndən artıqdır? Mən də bu ölkənin vətəndaşı olaraq dövlətin yaratdığı imtiyazlardan bəhrələnmək istəyirəm. AYB-nin siyahısı sanki heç vaxt yenilənmir. Hər yerə eyni adamlar gedir. Sədr əzəm Anar müəllim siyahını tutanda görmədimi ki, bu adamların böyük əksəriyyəti ötən il Şuşaya gediblər?

Ötən il Vaqif  Poeziya Günləri keçiriləndə umub-küsənlərə özüm etiraz edirdim ki, əsas odur Şuşa bizdədir, növbəti illərdə gedərik. İndi belə görünür AYB hər il eyni adamları göndərəcək. Bu ölkədə məmur özbaşınalığı, oliqarx müştəbehliyi görəndə qınayırıq ki, cahildirlər, savadsızdırlar, kitab oxumurlar... Kitab oxumayanlar bir yana, kitabı yazanlar haqqı tapdayanda nə deyək? Ne deyək, Anar müəllim?

Tanınmış yazıçı Şərif Ağayar da eyni dərddən gileylənib. Yazıçı yazır ki, kim kiminlə məzələnmək istəyir, deyir, səni niyə Şuşaya aparmayıblar:  

“Bu həm də hamam suyu ilə dost tutmaqdır. Yəni, mənim nəzərimdə sən daha layiqsən. Ümumilikdə bu nə düşüncədir? Şuşaya getməyə layiq olmayan adam var ki? Vətəndir e... bu, əfəndilər. Hamının getmək, görmək, gəzmək haqqı var. Ən sarsaq adamın da. Bizi təməl haqlardan hər zaman məhrum edib, kiminsə siyahısına möhtac qoyurlar. Tam bir avtoritarizm göstəricisi. Misal üçün Anara yaltaqlanmağın sonsuz avantajları içərisində Şuşaya gedə bilmək də var. Şuşaya getmək də təslimiyyət istəyərmiş. Nələr görmədik Şuşanı alan qazisi özünü yandıran məmləkətdə...”

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, gənc şair Turan Tural da bir gün öncə öz Feysbuk hesabında bu sözləri paylaşıb:

“Sabah Şuşada Vaqif  Poeziya Günləri başlayır. Ölkənin ən yaltaq şairləri (bir neçə istisna) orada olacaq. Şəkillərdən görəcəksiniz... P.S: Təbii ki, Rüstəm Behrudi kimi istisnalar var... Çünki Behrudi kimi imzalar ömür boyu nəinki şaha, padşaha, heç tanrıya də əyilməyib”.