Aqşin Yenisey: "Mənə elə gəlir ki, illər əvvəl “Xalq yazıçısı”nda mənəvi-psixoloji metamorfoz baş verdi. Ya özünü itirdi, ya özünü tapdı"
Ulucay Akif: "Əsər, heç olmasa, "bir günah sizdə, bir günah bizdə" prizmasından yazılsa, yenə müəllifi bağışlaya bilərdim"
"Daş yuxular" əsərində ermənilərə haqq qazandıran, azərbaycanlıları aşağılayan və buna görə xalq yazıçısı adından məhrum edilən Əkrəm Əylislinin IV Milli Kitab Sərgisində iştirakı cəmiyyətdə etirazla qarşılanıb. Əksəriyyət ermənilərə xüsusi simpatiyası ilə seçilən Əkrəm Əylislinin yenidən gündəmə gətirilməsini, üzə çıxarılmasını, ona meydan verilməsini sərt tənqid ediblər. İctimaiyyəti Əkrəm Əylislinin kitab sərgisinə dəvət olunmasından daha çox hiddətləndirən məsələ isə "yazıçı"nın hələ də öz ampluasında olması olub.
Əkrəm Əylisli budəfəki çıxışında da əvvəlki düşüncələrindən vaz keçmədiyini nümayiş etdirib. Onun “Azadlıq” radiosunda müsahibəsi zamanı səsləndirdiyi fikirlər də etiraz doğurub. Məlumat üçün bildirək ki, sentyabrın 27-dən oktyabrın 1-dək Bakı İdman Sarayında baş tutmuş sərginin təşkilatçısı "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu olub.
Tanınmış şair Aqşin Yenisey "Şərq"ə açıqlamasında bildirib ki, yazıçı və şairlərin, filosofların öz ölkəsini, xalqını tənqid etməsi, hətta aşağılaması yeni hadisə deyil. Şair bildirib ki, Spinoza yəhudiləri, Tomas Mor ingilisləri, Nitsşe almanları, Əziz Nesin türkləri, Salman Rüşdi hindliləri və pakiləri ən ağır sözlərlə tənqid ediblər:
"Əslində, bəli, sənət, fikir adamı öz xalqının, ölkəsinin dostu yox, yaxşı mənada düşməni olmalıdır. Xalqa yaltaqlanan yazıçı hökmdara yaltaqlanan yazıçıdan daha miskindir. Amma burada əsas məsələ tənqidin niyyəti və söz adamının məqsədidir. Son dövr dünyada daha çox məşhurlaşdırılan iki yazıçı var - Salman Rüşdi və Orxan Pamuk. Bu iki imza həm də müasir Şərq ədəbiyyatının dünyaya çıxış əldə etmək praktikasıdır. Salman Rüşdi ingilis müstəmləkəçiliyini Hindistanın və Pakistanın azadlığından üstün tutduğu, müsəlmanlara münasibətdə orientalist siyasəti dəstəklədiyi üçün ingilislər onu dünyaya tanıtdılar. Məsələn, Rüşdinin “Gecəyarısı uşaqları” romanında bircə dənə müsbət obraz var, o da ingilis sahibkardır.
Romanda yerdə qalan bütün hindlilər və pakilər axmaq və alçaqdırlar. Rüşdi yazır ki, yaxşı ki, ingilislər gəldilər, yoxsa hindlilər Tac Mahalı həmişə ayaqyolu kimi istifadə edəcəkdilər. İngilis şərqşünas siyasətçi Kromer də eyni fikirdə idi, Kromer də deyirdi ki, "biz Şərq xalqlarını əhliləşdirməyə gəlmişik". Dante öz “Cəhənnəm”ində Məhəmməd peyğəmbəri və imam Əlini şeytandan bir mərtəbə aşağıda yerləşdirir. Salman Rüşdi orientalistlərin Məhəmməd peyğəmbərə bu münasibətini çox yaxşı bilir və əsərlərində yeri gəldi-gəlmədi onların əlinə oynayır".
A.Yenisey bildirib ki, Şərq yazıçısına Qərbin göstərdiyi yol budur: Beynəlxalq yaltaqlıq:
"Yaxud Orxan Pamuk Türkiyənin AB ilə kəllə-kəlləyə gəldiyi bir dönəmdə “erməni soyqırımı” kartını öz xeyrinə istifadə edərək Nobelə yolunu açdı. Yoxsa kim idi Milan Kundera kimi yazıçını qoyub Pamuka Nobel verən?! Yeri gəlmişkən, Nobelsiz də bütün dünyada tanınan Kunderaya bu mükafatı ona görə vermirlər ki, o, heç vaxt vətəni Şərqi Avropanı sığındığı Qərbi Avropadan mədəni baxımdan geridəqalmış hesab etmir, hətta yazılarında bir çox məsələdə Şərqi Avropanı daha üstün mövqedən şərh edir. Təkcə Əkrəm Əylisli yox, hətta mənim təmsil olunduğum nəsildə də bəzi yazarlar var ki, altdan-altdan bu iki Şərq yazıçısının dünya ədəbiyyatına açdığı “Beynəlxalq yaltaqlıq” cığırına göz dikiblər. Qarabağ münaqişəsində Qərb kimin yanındadırsa, onun ətəyini öpmək.. Gördüyümüz kimi, Qərb açıq-aşkar bir əsrdən çoxdur ki, ermənini dəstəkləyir. 1920-ci illərdə ABŞ-da Çarli Çaplin təzə-təzə film çəkəndə ermənilər artıq türklərin vəhşi obrazını yaratdıqları “Les Ames Vendues” (“Satılmış ruhlar”) filmini nümayiş etdirirdilər. Keçən bir əsrdə ermənilərin bu dəstək hesabına günahsız və silahsız azərbaycanlı ailələrə tutduqları divanı, qətliamı göz önündə canlandırıb bu gün Qarabağ münaqişəsində Qərbin yanında yer almaq həm də zalımın, zülmün, qatilin, terrorun yanında yer almaqdır ki, bundan ötrü insan gərək əvvəlcə özü öz əxlaqını zorlasın".
Şair vurğulayıb ki, indi Əkrəm Əylisli də təəssüf ki, “Beynəlxalq yaltaqlıqla” məşğuldur: "Nədənsə mənə elə gəlir ki, illər əvvəl “Xalq yazıçısı”nda mənəvi-psixoloji metamorfoz baş verdi. Ya özünü itirdi, ya özünü tapdı. Amma siyasəti yaxşı bilmədiyindən unutdu ki, Qarabağda Qərbin maraqları Rusiya ilə toqquşur, islam dünyası ilə yox. Qərb Nobeli islamı aşağılayanlara verir. Azərbaycanlıları aşağılayanlardan, “pataloku” sülh göyərçini düzəldərlər, o da həvəsləri olsa. Şahbaz Xuduoğluna gəlincə, o, sadəcə, bir yazıçıya öz fikirlərini söyləmək üçün şərait yaradıb. Buna görə ona “sağ ol” demək lazımdır".
Gənc yazar Ulucay Akifin də məsələyə münasibəti çox sərt olub:
"Kimin üçün necədir, bilmirəm, amma mənə görə Əkrəm Əylisli birmənalı olaraq vətən xainidir.
Çox vaxt bunu deyəndə yazıçı dostlar məni qınayırlar. Xüsusən də onun yaradıcılığı qarşısında bu fikrimin ədalətsizlik olduğunu deyirlər. Olsun.
Əkrəmin istedadını, mətnlərini danacaq deyiləm, amma mənə görə (hər nə qədər pafoslu səslənsə də) vətənim, dövlətim ədəbiyyatdan daha ucada dayanır.
İndi neyləyim ki, mənim üçün bu belədir? Bu səbəbdən Əkrəmin heç bir imza günündə, ya onunla bağlı hansısa tədbirdə iştirak etməmişəm və etmərəm. Onun olacağını bildiyim məclislərdə iştirak etməkdən də bir neçə dəfə boyun qaçırmışam.
O adamla bir süfrədə oturub nə çörək kəsə, nə də bir qurtum su içə bilərəm. Əkrəm Əylisli Milli Kitab Sərgisindəki görüşündə deyib ki, "Daş yuxular" əsəri bizim dilə qəsdən səhv tərcümə olunub, ona qarşı qərəz olub.
Açığı, mən həmin əsəri elə çap olunduğu il rus dilində oxumuşam və həmin əsərdə Azərbaycanın, azərbaycanlıların lehinə bircə cümlə, bircə səhnə də görməmişəm.
Bütün hər şeyin səbəbkarı və günahkarı kimi məhz azərbaycanlılar göstərilib. Əsər, heç olmasa, "bir günah sizdə, bir günah bizdə" prizmasından yazılsa, yenə müəllifi bağışlaya bilərdim. Amma "Daş yuxular"da tək günahkar Azərbaycan və azərbaycanlılardır, tək məzlum isə ermənilər".