Emil Rasimoğlu: “Əgər seçilərəmsə ilk dəyişəcəyim sistem idarəçilik prinsipi, digər rəhbər heyəti olacaq”
Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrlik postuna yeni namizədlər bəlli olub. Şair Emil Rasimoğlu və Fuad Cəfərli qurultaya namizəd olaraq qatılacaqlarını bəyan ediblər.
AYB-nin indiki sədrinin öz vəzifələrini doğru icra etmədiyini vurğulayan Emil Rasimoğlu “Şərq”ə müsahibəsində deyib ki, hazırda Azərbaycan Yazıçılar Birliyindəki sistem AYB rəhbərliyinin maraqları naminə idarə olunur, daxili nizamnamə qaydaları isə kənarda qalıb. Təsəvvür edirsinizmi? Bir insanın alternativsiz şəkildə seçkiyə getməsinə yol açalar, onun əvəzolunmazlığını təbliğ edələr və sonda da deyələr ki, yekdilliklə səs topladı. Hansı ki öncəki qurultaylarda bu hallar olub.
- AYB-nin atdığı hansı addımları yanlış hesab edirsiniz?
-Konkret olaraq, bölgələrdəki fəaliyyətindən və AYB-nin gənc imzalarla bağlı siyasətindən çox narazıyam. Yazıçılar Birliyinin əyalətlərdəki filialları, sektorları, tabeçiliyində olan orqanların fəaliyyəti bərbad durumdadır. Digər tərəfdən, Anar gənclik deyə bir məfhum tanımır. Çünki gəncliyin yanında olmağı bacaran şəxs hələ ilk olaraq özü gəncliyin yolunu kəsməməlidir.
- Namizəd olmaq qərarınızdan danışaq bir az...
- AYB-nin qurultayında sədrliyə namizəd olmaq barədə qərarına o zaman gəldim ki, mən Azərbaycan Yazıçılar Birliyində modern idarəçilik prinsipini, özündən sonrakı nəsillə, potensiallı, istedadlı gəncliklə səsləşməni, onları tanımanı, formallıqdan uzaq mexanizmi görmədim.
- Bəs, qurultaydan gözləntiniz nədir?
- Bilirsiniz, bu gün çox acınacaqlı bir vəziyyət yaranıb. Ədəbi mühit sanki bir köləlik, iradəsizlik sindromu yaşayır. Yazıçı, şair olasan, amma sözün, iradən, mövqeyin, içindəki həqiqətin həbs oluna və ya onu özün həbs etməyə səni vadar edələr. Bu, dəhşət məsələdir... Mən bu fikirləri hələ öncə onların mənim tutduğum yolu, namizədliyimi niyə dəstəkləmirlər deyə demirəm, ümumi durumu görüb deyirəm. Ola bilər, Emil Rasimoğlunu namizəd kimi qəbul etməyəsən, fikirləri ilə barışmayasan. Bu təbiidir, o zaman özün bir şəxsi namizəd kimi təqdim et. Yetər ki, bir sədrlik postuna 35 il sahiblənən, rəhbəri olduğu qurumun fəaliyyətini acınacaqlı duruma gətirən, onu öz maraqları çərçivəsində idarə edən şəxsə yenidən üz tutma.
Bu baxımdan mənim bu saat ən böyük gözləntim özümdəndir. Mənim üçün real olan da məhz budur. Çünki mənim reallığımın arxasında həqiqətlər dayanır.
- Əgər seçkidə Anara qalib gəlsəniz AYB-də ilk nəyi dəyişəcəksiniz?
- Əgər seçilərəmsə, ilk dəyişəcəyim sistem idarəçilik prinsipi, digər rəhbər heyəti olacaq. Onu da əlavə edim ki, mən İntiqam Qasımzadə, Vaqif Əlixanlı kimi iş fəaliyyəti donmuş, Azər Turan kimi prinsipsiz insanlara heç vaxt hər hansısa məsul vəzifəni həvalə etmərəm. O qurumda uzaqlaşdırılası şəxslər, görüləsi işlər çoxdur.