Nizaməddin Şəmsizadə: " İran-fars şovinistlərinin elə qafası yoxdur ki, onu oxuyub dərk etsinlər, anlasınlar"
Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin “İran şəhəri” olduğunu iddia edib. Kənani Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi də təqdim edib. Kənaninin fikrincə, Gəncəvi məhz "İranın təsiri altında" yaradıcılıqla məşğul olub. Kənani daha da irəli gedərək Gəncənin "İran mühiti olan şəhər" olduğunu iddia edib. İran mətbuatı ilə yanaşı erməni mediası da Kənaninin iddialarına geniş diqqət yetirib. İranın iddialarına Azərbaycanın cavabı gecikməyib.
Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır. Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlət başçısı “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür” deyib.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nizaməddin Şəmsizadə "Şərq"ə açıqlamasında bildirib ki, bu məsələ zaman-zaman gündəmə gətirilir. Professorun sözlərinə görə, İran-fars şovinistlərinin elə qafası yoxdur ki, Nizami Gəncəvini oxuyub, onu dərk etsinlər, anlasınlar:
"1979-cu ildə Nizaminin Tacikistanda “Xəmsə”si çap edilmişdi. Onun müqqədiməsində yazmışdılar ki, "Nizami öz ana dilində daha yaxşı dərk olunur". İranlılar Nizamini oxuya bilmirlər, çünki hamısı dini xurafata, uydurma əfsanələrə, nağıllara inanmağa öyrəşiblər.
Azərbaycan xalqının iki böyük düşməni var, biri farslar, digəri ruslardır. Çünki bu iki dövlət işğal yolu ilə Azərbaycanı heç bir azərbaycanlının rəyini soruşmadan ikiyə bölüblər. Bunun yanında farsca yazmış böyük şairimiz Nizami Gəncəvinin "fars şairi" kimi qələmə verilməsi kiçik məsələdir. Tarix hər şeyi həll edir, bu məsələni də həll edəcək.
Bilirsiz, Nizami Gəncəvi haqqında çox yazılıb. Akademik Bertels, yəhudi mənşəli rus alimləri, yaxud bizim alimlərimiz - Rüstəm Əliyev, Azadə Rüstəmova, Həmid Araslı və s.
Məsələ orasındadır ki, bu adamlar fars dilini bilsələr də, yüksək bədii mədəniyyəti bilməyən adamlar olublar. Mən bunu cəsarətlə deyirəm. Digərləri də Nizamini fars dilinin tərcüməsindən yazıblar. Şəxsən mən Nizami Gəncəvi haqqında yazmaqdan ehtiyat edirəm, çünki fars dilini bilmirəm.
Fars dilini bilənlər də ədəbiyyatı, onun dünyəvi mahiyyətini bilmir. Gənc alimimiz Siracəddin Hacı Nizami haqqında 5, ya 6 cildlik əsər yazıb. O, Nizami Gəncəvini islam dininə bağlayıb. Buna ehtiyac yoxdur, Nizami Gəncəvi böyük şairdir. İngilis filosofu Frensis Bekonun “Dahilər” seriyasında Firdovsi, Homer, Nizami, Nəvai və Şekspirin adı çəkilir. Bildirir ki, beş dahi dahilərin dahisidir. Məhəmməd Füzuli, Mövlana Cəlaləddin Rumi, Hafiz kimi adam bu siyahıda yoxdur. Ədəbiyyat psixologiya deməkdir.
Nizami Gəncəvidə qətiyyən fars psixologiyası yoxdur. O, bütünlüklə türk sivilizasiyasının, türk bədii təxəyyülünün dahisidir. Türk dünyasının yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Nizaminin əsərlərində türk psixologiyası açıq-aşkardır.
Nizami Gəncəvi bizimdir və heç kim onu əlimizdən ala bilməz. Hər bir millət üçün ədəbiyyatdan böyük milli sərvət yoxdur. Bizim ədəbiyyatımızın başında Nizami Gəncəvi dayanır. Nizami "fars şairidir" deyənlərə yaxşı bir atalar sözü ilə cavab verməliyik. "İt hürər, karvan keçər".