"Ortaq türk ədəbiyyatı" dərsliyi hazırlanır

Azər Həsrət: "Bu addımların atılmasında çox gecikmişik"

Azərbaycanda Ortaq türk ədəbiyyatı və türk əlifbası dərslikləri hazırlanacaq. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimində çıxışında deyib. O bildirib ki, məktəblərdə tədris aparılması üçün Ortaq türk ədəbiyyatı dərsliyi hazırlanır: "Eyni zamanda Ortaq türk dünyasının əlifbası dərsliyi də hazırlanacaq. Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması isə artıq yekunlaşmaq üzrədir".
 
 Türk dünyasının inteqrasiyası yönündə atılan addımları "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, dövlət qurumunun belə təşəbbüslərini görmək çox xoşdur. Ekspertin fikrincə, belə bir hərəkətlənmənin olması bütövlükdə türk dünyasına böyük xidmət kimi dəyərləndirilməlidir:

 "Amma xüsusi vurğulamaq lazımdır ki, bu addımların atılmasında çox gecikmişik. Həddindən artıq yubanmışıq. Azərbaycan, o cümlədən digər türk dövlətləri 32-ci ildir ki, müstəqildir. 30 il ərzində ortaq əlifba məsələsini həll edə bilməmişik. Əlifba məsələsinin tam həll olunmaması digər problemlərin də çözülməsini əngəlləyir. Türk xalqlarının ümumilikdə inteqrasiyasını sürətləndirmək üçün ortaq əlifba və dil məsələləri həllini tapmalı idi. Ortaq əlifba məsələsi ilə şəxsən özüm kifayət qədər məşğul olmuşam. Mənimlə bərabər bu sahənin alimləri də məşğul olublar. Hamının gəldiyi vahid nöqtə var ki, 34 hərfli ortaq türk əlifbası tətbiq olunmalıdır. Bu əlifba Türkiyə, Azərbaycan və Orta Asiya türk dövlətləri üçün, eləcə də hələlik əsarət altında olan türk xalqları üçün də uyğun əlifbadır. Həmin əlifba tətbiq edilərsə, qarşılıqlı şəkildə bir-birimizi oxuyub-anlaya biləcəyik. Bu da ortaq türk dilinə aparan yolun başlanğıcıdır. Təəssüflər olsun ki, türk dövlətləri bu məsələdə tam olaraq ortaq məxrəcə gələ bilməyiblər. Təhsil Nazirliyinin ortaq dərsliklərlə bağlı anonsu sevindiricidir. Görünür, ən azından bir hərəkətlilik var. Dərk edilir ki, bu addımlar atılmalıdır". 

 A.Həsrət bir xəbərdarlığı etməyi də özünə borc bilib: 

"Azərbaycanda dərsliklər yazılarkən kiminsə qohumu, tanışı bu işə cəlb edilir. Çünki dərslik yazanlar böyük məbləğdə pul alırlar. Öz adamlarını yığıb dərslik yazdırır və qalib edirlər. Ona görə də dərsliklərimizdə əndrəbadi məqamlar ortaya çıxır, sosial mediada gülüş obyektinə çevrilir. Uzun illər prosesi yaxından izləmişəm. Baxırsan ki, heç tanınmamış bir şəxs "məşhur şair" kimi məktəblilərə sırınır. Dilə gətirilməsi ayıb ifadələr ibtidai sinif şagirdlərinə tədris olunur. Çox istərdim ki, ən azından türk dünyası kimi mühüm məsələdə yerlibazlıq, tayfabazlıq rol oynamasın. Müqəddəs işə haram qatılmasın. Nəzərə alsınlar ki, bu, türk dünyasının məsələsidir". 
 
Analitik vurğulayıb ki, ortaq əlifba ilə bağlı atılacaq addımlar onun üçün qaranlıqdır: 

"Səbəbi odur ki, türk dövlətləri ortaq əlifba ilə bağlı vahid mövqeyə gəlməyiblər. Təxminən 10 il öncə "Yalquzaq" qəzeti buraxırdıq. Mən baş redaktor idim və özümün işləyib hazırladığım ortaq türk əlifbasını həmin qəzetdə tətbiq edirdim. Qəzetin bəzi nüsxələrini Qazaxıstana aparmışdım və çox hörmətli alimlərin iştirak etdiyi toplantıda paylamışdım. Baxanlar çox rahatlıqla oxuduqlarını dedilər. Çünki 1939-cu ilədək Qazaxıstanda işlədilmiş əlifba ilə demək olar ki, üst-üstə düşürdü. Əgər hökumətimiz bu tip variantın üzərində dayanarsa, hərəkətlilik olacaq".