Məlumdur ki, ədəbiyyatda da təsirlənmə və plagiat anlayışları var. Həmin anlayışlar daim aktual və mübahisəli mövzular olaraq qalıb. Bu günlərdə yazıçı Elşad Baratın feysbuk statusu yenidən ədəbi cameəni hərəkətləndirib. Elşad Barat iddia edir ki, türkiyəli şair, yazıçı Nəcip Fazil Qısakürək ilə xalq şairi Ramiz Rövşənin "Nə var Allahdan yuxarı" misraları ilə başlayan şeiri birəbir eynidir: "Alma almaya bənzər, daha bu qədər də yox da. Kimdir müqəssir?".
R.Rövşənin şeirinin ilk iki və son iki misrası belədir:
"Nə var Allahdan yuxarı,
Nə var qəbirdən aşağı?
...Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı".
9 il öncə mövzu "alovlananda" tanınmış yazıçı Şərif Ağayar yuxarıdakı misralar haqda rəy bildirmişdi. Ş. Ağayar deyib ki, türk qardaşlarımız dəfələrlə mahnılarımızı anonim və ya erməni musiqisi kim təqdim edib. Ona görə ədəbi nümunələrimiz güdaza gedə bilər. Yazıçı fikrini belə əsaslandırıb:
"Ədəbi görüşlərin birində tənqidçi dostumuz Əsəd Cahangir bu şeir barədə Ramiz Rövşənə sual verdi, ruha deyil, cəsədə “mən” deməyinin səbəbini soruşdu. Ramiz müəllim güldü və belə cavab verdi: “Bütün şairlər kimi bəzən mən də şeytana uya bilərəm!”
Amma əmin olun, Nəcip Fazil bəhs etdiyimiz kontekstdə şeytana Ramiz Rövşən qədər uymadı. Ruhunu buraxıb cəsədinin dalınca düşəcək qədər yenilmədi".
Qeyd edək ki, R.Rövşənin bu şeiri ilk dəfə 1990-cı ildə "Xəzər" jurnalında, sonra "Nəfəs" kitabında, ardınca "Kəpənək qanadları" kitabında çap olunub.
"Kulis.az" saytının Baş redaktoru, gənc yazar Ulucay Akif "Sherg.az"a açıqlamasında sosial şəbəkədə yenidən müzakirəyə çevrilən məsələyə münasibət bildirib:
"İndi müzakirə olunan misraları tələbəlik illərində görmüşdüm. Onda heyrətlənmişdim: Ramiz Rövşən niyə Nəcip Fazilin şeirini oğurlayıb?! Çox məyus olmuşdum. Sonra araşdırdım, bəlli oldu ki, şeirin Nəcip Fazil ilə heç bir əlaqəsi yoxdur. Onun heç bir kitabında bu şeiri tapa bilmədim. Hətta Türkiyənin ədəbiyyat saytlarında həmin şeirin tam versiyasını da görmədim. Əgər Nəcip Fazilin şeiridirsə, niyə tam versiyası yoxdur? Fikir bircə bəndlə çox çılpaq qalır, mütləq əvvəlinə əlavə bəndlər tələb edir".
Ulucay Akifin sözlərinə görə, şeirin Türkiyə türkcəsində olan versiyasında tərcümə olduğu hiss edilir. Orijinal olmadığı rahat sezilir:
"Bilirəm ki, Ramiz Rövşən şeiri oğurlamayıb. Həmin bənddə Məmmədhüseyn Şəhriyarın "Behcətabad xatirəsi" şeirindən "təsirlənmə" hiss oluna bilər:
"Yatmış hamı, bir Allah oyaqdı, dəxi bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı".
Amma iki nümunədə də mənalar fərqlidir. Ədəbiyyatda "təsirlənmə" haqqında ən gözəl fikirlərdən birini də elə Ramiz Rövşən deyib: "Ədəbiyyatda kiminsə yaradıcılığından təsirlənmə başqasının siqareti ilə öz siqaretini yandırmağa bənzəyir". Ramiz Rövşən isə poeziyamızda həmişə öz siqaretini tüstülədib".
AYB-nin sədr müavini, yazıçı, şair Rəşad Məcid deyir ki, ya havanın hədsiz istiliyindən, ya da vnədəndirsə, son günlər sosial şəbəkələr, elə onların ən təmkinlisi feysbuk çox qəddar və amansız olub:
" Bir damcı məsuliyyət, soyuq ağıl, normal düşüncə, həssaslıq, mərhəmət, empati duyğusu qalmayıb. Hamı ancaq kin, nifrət üstə köklənib ölkənin dəyərli adamlarını aşağılamağa, təhqir etməyə fürsət gəzir. Aşağılıq duyğusudurmu, kompleksdirmi, uğursuzluqdan doğan hikkədirmi?! Bir belə xılt, qərəz, qəzəb hardandır? Qurban Qurbanov, Məleykə Abbaszadə, Rasim Balayev, Ramiz Rövşən… Bu insanların hərəsi öz sahəsində böyük xidmətlər göstərən, ehtirama və hətta təzimə layiq şəxsiyyətlərdir. Belə dəyərləri aşağılamaqdan necə zövq almaq olar?! Necə özünə rəva görüb, haqqın çatdı-çatmadı, ünvanlarına hərzə-hədyan demək olar?! Hansı mənəvi keyfiyyətlərə sahib olmalısan ki, belə dəyərləri aşağılayasan?! Obyektiv mövqeli, ağıllı insanların haqlı etirazları bu axının içində sısqa və zəif təsir bağışlayır".
Şair, ədəbiyyatşünas Qismət Rüstəmov da U.Akiflə eyni fikirdədir:
" Nəcip Fazil bütün külliyatı əlimin altındadır, neçə ildir tədris edirəm, onun elə şeiri yoxdur. Bu fotonu neçə illər qabaq tvitterdə görmüşdüm, ancaq inanmazdım belə şeyə inanan olsun. Ümumiyyətlə, türk ədəbiyyatındakı şairlərin xüsusilə, Cemal Süreya, Atilla İlhanın adına xeyli belə postlar paylaşılır. Ancaq həmin şeirlərin çoxunu onlar yazmayıblar, bütün şeirlərindən ibarət külliyatlarında elə mətnlər yoxdur. Həmişə əsas mənbəyə, akademik nəşrə istinad edin".