Vaqif Şuşanın tarixi-mədəni və ədəbi simvollarından biridir  - Ramiz Göyüş yazır...

44 günlük Vətən müharibəsindəki Zəfərimiz hər bir azərbaycanlının həyatında dönüş nöqtəsi oldu və bu Zəfərin müəllifləri, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri Azərbaycanın yaradıcı insanlarına bir coşqu, ruh və enerji verməklə yeni bir ovqat gətirdi.
     
Bu möhtəşəm Zəfərə töhvə vermək məqsədilə ilk dəfə qələmə sarılan da ədəbiyyat adamları oldu. Azərbaycan Yazıçılar Birliyinin birgə səyi və təşəbbüsü ilə Zəfərimizdən çox keçməmiş maraqlı bir toplu- “Qarabağ dastanı” kitabı nəşr edildi. Nəşrin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçızı Anar müəllimdir. Yazıçı-jurnalist Rəşad Məcidin kitaba yazdığı ön sözdən məlum olur ki, müharibə günlərində torpaqlarımız işğaldan azad edildikcə Anar müəllim Qarabağdan olan  yazıçıları, şairləri arayaraq təbrik edir, onlara öz doğma yurdları haqqında yazılar yazmağı tövsiyyə edirmiş.
    
Kitaba İşğaldan azad edilmiş rayonlarda doğulmuş,  gənclik və yeniyetmə dövrləri həmin bölgələrdə keçmiş görkəmli ədəbiyyat adamları və ziyalıların- Elçinin, Aqil Abbasın, Elçin Hüseynbəylinin, Ramiz Rövşənin, Şirindil Alışanlının, Rəşad Məcidin xatirə-esseləri ilə yanaşı, Molla Vəli Vidadidən başlamış, bu günümüzədək yaradıcılıqları ədəbiyyat tariximizdə qırmızı xətlə keçən klassiklərin və çağdaş ədəbiyyatımızın görkəmli və tanınmış nümayəndələrinin yaradıcılığından nümunələr  daxil edilmişdir ki, bu da nəşrin dəyər və sanbalını daha da artırmaqla yanaşı poetik bir ovqat yaradır. Kitabın görkəmli ictimai-siyasi və dölət xadim, Xalq yazıçısı Elçinin 1982-ci ildə, Molla Pənah Vaqifin məqbərəsinin açılışına həsr olunmuş xatirə-esse ilə başlamasınının isə önəm və əhəmiyyıtini xüsusiilə vurğulamaq istərdik .
      
Bu kitab müasir Azərbaycan oxucusu üçün Qarabağı daha yaxşı tanımaq, başa düşmək və onun əhəmiyyət və mahiyyətini daha dərindən dərk etmək baxımından dəyərli bir mənbə olmaqla, həm də Qarabağşünaslıq elmi üçün qiymətli və samballı bir töhfədir.   
     
Bu  yazını hazırlamaqda əsas  məqsədim həmin kitabda yazıçı-publisist Mehriban Vəzirin “Qarabağın görkəmli xanımları” araşdırmasında getmiş uydurmalar və təhrif olunmuş tarixi faktlar barada  mövqeyimi bildirməkdən ibarətdir. 
    
Mehriban Vəzir Qarabağın məşhur xanımları- Ağabəyim Ağa, Gövhər Ağa və Həmidə xanım Cavanşir barədə araşdırmasında, xüsusilə Ağabəyim Ağailə bağlı hisəsində öz bədii təxəyyülünə geniş meydan vermişdir. 
   
 Oxuculara aydın olsun deyə Mehriban Vəzirin araşdırmasındakı fikirlərini olduğu kimi təqdim edirəm : “ Ağabəyim ağa daima yürüşlərdə olan Məhəmməd bəyi gözləyirdi. Məhəmməd bəy də xan əmisinə bu söhbəti açacaq- elçilik edəcək möhtərəm adam arayırdı. Məhəmməd bəyin qədəryazar seçimi xanın can dostu, vəziri Molla Pənah Vaqif olur... 
       
Məmməd bəy vəzir Vaqifdən elçilik etməyi xahiş edir. Vəzir Məhəmməd bəyi xatircam edib Ağabəyim ağanı istəmək üçün İbrahim xanın hüzuruna yollanır. Vaqif acınacaqlı  günlər keçirən Qacar ordusunun Şuşa qalasına yaxınlaşması ilə çarəsizliyə düşmüş İbrahim xanın durumundan cəsarətlənib Ağabəyim ağanı Məhəmməb bəyə deyil, öz oğlu Əli bəyə istəyir. Əlbətdə , başı qalda  olan xana bu yersiz elçilik ağır təsir edə bilərdi”... Mətndən göründüyü kimi Mehriban Vəzir Məhəmmədbəy  və Ağabəyim Ağa dastanı qurmaq, onları isə uğursuz, nakam bir eşqin qurbanı kimi təqdim etmək istəyir.    
       
 Mehriban Vəzirin qeydlərində  ikinci narahat doğuran məsələ Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı Vaqifin oğlu Əli bəylə birlikdə Qazax-Bəyazidə qaçması ifadəsi ilə bağlıdır. Mehriban Vəzir yazır:  “ İbrahim xan ailəsi və yaxın adamları ilə Şuşanı tərk edəndə nədən o qafilədə can dostu Vaqif yox idi? Niyə böyük dövlət adamı Vaqif Qacar şahın gəlişini duyub da qorumasız-filansız oğlu  Əli bəy ilə Qazax-Bəyazidə qaçmalı oldu?” kimi sualların cvabını şəxsi münasibətlərdə aramaq lazımdı.”  
        
Araşdırmanı oxuyarkən məndə belə bir sual yarandı? Doğurdanmı  Mehriban Vəzirin Ümummilli liderimiz Heydər Əliyevin, Azəebaycan Respublikasinin Prezidenti İlham Əliyevin, “Qarabağnamə”lərin müəlliflərinin , Azərbaycanımızın işıqlı ziyalıları və maarifçiləri Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin, Hüseyn Əfəndi Qayıbzadənin,  Fransız mənşəəli rus şərqşünası Adolf Berjenin,  Firudin bəy Köçərlinin, Əbdürəhim bəy Haqverdiyevin, Salman Mümtazın, Həmid Araslının , Araz Dadaşzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, İlyas Əfəndiyevin, Nazim Axundovun, Aqil Abbasın, Şəmistan Nəzirlinin və nəhayət görkəmli dilçi və ədəbiyyatşünas alim, akademik Nizami Cəfərovun 2017 -ci ildə  Vaqifin 300 illik yubileyi münasibətilə yazmış olduğu “ Molla Pənah Vaqif” fundamental monoqrafiyasında Molla Pənah Vaqifiin bir dövlət xadimi  və müasir Azərbaycan ədəbi dilinin yaradıcısı kimi fəalyyəti barədə yazdıqlarından məlumatı yoxdur? Əgər yoxdursa, mən onlardan bir neçəsini Mehriban Vəzirə xatırlatmaq istədim:
   
 “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri  meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir səlnaməmizin parlaq  səhfələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi- mənəvi kamilləşməsinə xidmət göstərir. Aərbaycan tarixinə həmçinin  siyas xadim kimi daxil olan Vaqif  taleyülklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”. (Azərbaycan Prezidenti İlham Əliyev) . 

- “Vaqif kəmal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu onun səlis təbinin sümbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası etsə, tamamilə səhvdir. Əgər bəlağət Bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa tamamilə düzgündür” ( Mirzə Adıgözəl bəy Qarabaği)
 
  -“Məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi. Amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftr edərdi. Hər necə düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrabalarından artıq onun xətrin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi. 
(Mir Mehdi Xəzani)
  
  -“Və bir də İbrahim xana vəzir hesab olan Molla Pənah imiş. Belə ki, hər bir məsləhəti Molla Pənah ilə olurmuş və Molla Pənahın əsli  Qazax-Şəmşəddindən gəlibdir... Çox sahibi-kamal və qabil adam imiş və yaxşı təbii-şeiri var imiş. Bu ağ könüllər oxuduğu zikrlər təmamən Molla Pənahın kəlamıdır...Qərəz, xoşbəxt adam imiş. Mərhum İbrahım xanın həddən artıq iltifatı var imiş.
    
  Hər məsləhəti ki, Molla  Pənah görərmiş, gərək həmən tövr  olaymış. Ona görə bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki,” Hər oxuyan Molla Pənah , hər qatırçı Murad olmaz”(Baharlı)
-“Mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalətini gördüm ki, zikr etdiyim şərti bir növlə onda gördüm”(Mirzə Fətəli Axundov)
  
  -“Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə...tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub”. (Firudin bəy Köçərli)
 
  -“Ərəbcə, farsca dərin bir məlumat və föqəlada bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə, xalqa yanaşmış və şeirlərini də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, Vaqif sarayı mənimsəmiş və dilimizə, ədəbiyyatımıza da çox böyük xidmətlər göstərmişdir. “Lisani-rəsmi”si farsca olan İbrahim xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq o dilə və o ədəbiyyata öz əsrində fayiq gələn böyük Vaqifin şeirləri o qədər rəvan və o qədər şirindir ki, insan oxumaqla doymur, bütün kitabı birdən su kimi başına çəkmək və içmək istəyirsən. Vaqif tam mənası ilə el şairi olaraq, həm də mücəddadır. Bu münasibətlə də nəzərimizdə Vaqifin qayət böyük dəyəri vardır.”(Salman Mümtaz)
 
  - “Vaqif geniş xalq kütlələri içərisindən çıxıb, nəhayət dövlət xadimi kimi yüksəlməyə müvəffəq ola bilmiş, mütərəqqi şəxsiyət olduğundan, sənətkarlıq qüdrətini və siyasətdəki bacarığını hər kəsdən əvvəl qiymətləndirən xalq” hər oxuyan Molla Pənah olmaz” zərb məsəlini yaratmaqla, şairə qiymət vermişdir”. (Həmid Araslı)    
      
Yusif Vəzir Çəmənzəminli:-““Qan içində” romanının əsas surətləri tarixi şəxsiyyətlərdir. Əsərdəki  hadisələrin mərkəzində...görkəmli şair və dövlət xadimi M.P. Vaqifin bədii obrazı dayanır... Vaqif və onun dövrü haqqında əsl həqiqəti uydurma şeylərdən, mövcud olan yanlış fikir və təsəvvürlərdən təmizləyib ortaya çıxarmaq və mərkəzində Vaqifin obrazı dayanan tarixi roman yazmaq asan deyildi.“
     
 “Qan içində” romanı göstərir ki, Y. V. Çəmənzəminli Vaqiflə maraqlanmağa başladığı vaxtdan ələ keçirə bildiyi məxəzlərə əsasən düzgün münasibətdə olmuş, şairin parlaq bədii obrazını yaratmaqla ədəbiyyatşünaslıq və tarix elmlərinə, ümumiyyətlə demiş olsaq, müasirlərinə bir növ nümunə göstərmiş, örnək ola bilmişdir” (prof.Tofiq Hüseynov)
    
 Repressiyaların qanlı dönəmində-1938-ci ildə Vaqifə ən böyük mənəvi abidəni Xalq şairi Səməd Vurğun ucaltmış, özünün məşhur “ Vaqif” dramı ilə həm Vaqifə , həm də özünə xalqın qəlbində əbədi bir abidə ucaltmışdır. Böyük şair keçən əsrin 40-cı illərində Vaqifə həs etdiyi şeirlərinin birində dahiyanə uzaqgörənliklə yazırdı:
                                            Qalxacaq şairin bir gün heykəli,
                                            Bizim Qarabağın Cıdır düzündə,
                                            Vaqif canlanacaq onun özündə.

   
 Böyük  Şairin bu arzularını isə dahi çəxsiyyət Heydər Əliyev yerinə yetirdi.  Ulu öndər Heydər Əliyevin Vaqifə olan böyük sevgisinin təzahürü idi ki, hələ heç Azərbaycanda rəhbər olmadığı zamanda -1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdilər. Onun göstərişi ilə məzar tapılmış və dağılmış məzarı ziyarət etmişdi  Ulu öndər o zaman gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" bildirmişdi.
   
“Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu öndər Heydər Əliyev vermişdir. 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. (Bu əlamətdar hadisəni Xalq yazıçısı Elçin “Qarabağ dastanı”na təfsilatı ilə daxil etmişdir. R.G.) Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”. (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)
    
 Görəsən “ Yeni Azərbaycan ədəbiyyatının, eləcə də yeni(milli) Azərbaycan ədəbi dilinin yaradıcısı, Azərbaycan xalqnın mütərəqqi tarixi şəxsiyyəylərindən biri” (Nizami Cəfərov) haqqında qarayaxma nəyə və kimə lazımdır?
    
  Səbəb və məqsəd nədir ki, Mehriban Vəzir məşhur dövlət xadimi və körkəmli şair, Azərbaycan xalqının qəlbində böyük sevgi və məhəbbətlə özünə adidə ucaltmış Molla Pənah Vaqifə münasibətdə tarixi həqiqətləri təhrif edirək başqa bir tərəfin”xeyrinə” saxtalaşdırmağa cəhd edir. 
    
“Qarabağnamə”lərdən və diğər tarixi və bədii mənbələrdən məlumdur ki, Məhəmməd bəy şux qaməti, baxımlı xarici görkəmi və igidliyi və dəliqanlılığı ilə Qarabağda  və ətraf xanlıqlarda ad çıxartşmışdı. O zaman onun 35 yaşı vardı və artıq iki dəfə evlənmişdi. 
     
 İbrahim xanin Gəncə xanı Cavad xanın bacısı Tutubəyimdən olan, öz gözəlliyi, istedadı , şairliyi, ağlı və kamalı ilə məşhurlaşmış Ağabəyim ağa da yenicə 15 yaşına qədəm qoymuşdu. O da faktdır ki, onların  aralarında olan böyük yaş fərqinə baxmayaraq, bir-biri ilə sevgi münasibətləri var idi. 
     
Tarixi qaynaqlardan məlundur ki, Vaqifin İbrahim xanla çox yaxın olmasını Məhəmməd bəy heç zaman qəbul etməyib, onu həmişə öz yolunda maneə hesab edib (Həm xanlıq taxtına çıxmaq, həm də Vaqifin ikinci arvadı Qızxanıma yiyələnmək arzusunun reallaşmasında) və həmişə bu münasibətə qısqanclıqla yanaşıb. Belə olan halda: - birincisi, necə ola bilərdi ki, Məhəmməd bəyin  axtardığı möhtərəm adam – elçi, heç zaman sevmədiyi və həmişə paxılığını çəkdiyi Vaqif oldu. 
İkinci, Molla Pənah Vaqif müdrik bir şəxsiyyət olmaqla bərabər həm də yüksək idrak,  mədəniyyət, əxlaq və mərifət sahibi idi. Belə olduğu halda necə ola bilərdi ki, 80 yaşlı müdrik bir qoca, Şuşanın mühasirə günlərində , şəhər əhalisinin quraqlıqdan, uzunmüddətli mühasirədən əziyyət çəkərək aclıq, səfalət və qorxu içində yaşadığı günlərdə, eləcə də  İbrahim xanın da çarəsiz vəziyyətə düşdüyü bir məqamda elçilik eşqinə düşsün və bu elçilik məqamında Məhəmməd bəyə xəyanət edərək Ağabəyim Ağanı Məhəmməd bəyə yox , oğlu Əli bəyə istəsin. Mehriban Vəzirin yazdığı elçilik fantaziyası  ən bəsit düşüncəli adamı belə inandırmaq gücündə deyil. 

Üçüncü.  Nə “Qarabağnamə”səlnamələrində, nə də Əhməd bəy Cavanşirin tarixi oçerkində bu elçilik barədə bir kəlməyə belə rast gəlinmir.
    
Mehriban Vəzirin “ İbrahim xan ailəsi və yaxın adamları ilə Şuşanı tərk edəndə nədən o qafilədə can dostu Vaqif yox idi? Niyə böyük dövlət adamı Vaqif Qacar şahın gəlişini duyub da qorumasız-filansız oğlu  Əli bəy ilə Qazax-Bəyazidə qaçmalı oldu?” kimi sualların cvabını şəxsi münasibətlərdə aramaq lazımdı.” “tapıntısı il bağlı isə düşünürəm ki, “nədən yox idi?” sualı ilk növbədə mərhum İbrahim xanın ruhuna ünvanlanmalıdır.
Və müəllif Vaqifin Məhəmməd bəy tərəfindən öldürülməsi məqamından çox asanlıqla keçərək bu faciləi hadisəni sönük cümlələrlə, siradan bir ölüm faktı kimi qeyd edir: “Mühacirətdən Qarabağa dönmüş İbrahim xanla qardaşı oğlu Məhəmməd bəyin münasibətləri  gərginləşmiş, Vaqifin və bir sıra yaxın adamlarının edamı xanı qəzəbləndirmişdi”qeydləri ilə kifayətlənir.
Mehriban Vəzirin Vaqifə kin-küdurəti o qədərdir  ki, bu 35 yaşlı, iki dəfə evlənmiş Məhəmməd bəyin iki eşq cəbhəsində- Ağabəyim Ağa və Vaqifin gənc övrəti Qızxanım  ilə fəallığını görmək istəyində deyildir.
     
 Biz Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində İbrahim xanın ailəsini götürüb Şuşadan “qaçması” və ya Şuşanı “tərk etməsi” ifadəlrəi barədə müzakirə açmaq fikrində deyilik. Bunu tarixçilərin və səlnaməçilərin ixtiyarına buraxırıq. Lakin “Vaqifin oğlu Əli bəylə birlikdə qaçması” fikri ilə əlaqədar yenə səlnaməçilərə və araşdırmaçılara müraciət etməli olacam. Əvvəla onu deyim ki, tarixi mənbəələrdə Vaqifin oğlu Əli bəy və ya Qasım ağa haqqında məlumatlar ümumiyyətlə çox azdır və görünən odur ki, onun o zaman cərayan edən hadisələrə elə bir təsiri olmamşdır.
       
Mirzə Camal Qarabaği yazır:-“Molla Pənahın bir yaxşı cəmilə və gözəl və məşhur övrəti var idi ki,  çox sahibi-camal və şöhrətli Məhəmmədbəy  dəxi onun hüsn və camalını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə və axund qoca və piranə idi və əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoşəndam və kamal və fərəsəti və padşah xəzinəsinin əlində olmağı və cavan öğlanlığı övrəti dəxi ziyadə əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demişdiki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ ola , mən şərən sənə gedə bilməm. Bir səbəb bu idi və bir dəxi qeyri bir para adamlar özlərinin səlahiyyətdarlığı üçün Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəmmədbəy Molla Pənah axundu öldürə və o səbəbə İbrahim xandan uzaq ola və onlar da Məhəmmədbəyin hüzurundan sahibkar və  nəfibərdar olalar ki, rəşid və kəramət adamıdır  və xəzinə sahibi və hünərmənd kimsədir, onları  mühafizət edə, xoş keçələr. Qərəz, hər hal ilə Məhəmmədbəyin əmri və izin və işarəsilə Molla Pənah axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”. ( Y. V. Çəmənzəminlinin “Qan içində”kitabından)
      
Məhəmməd bəy Cavanşırin nəvəsi,” Qarabağnamə”lərin müəlliflərindən biri olan Əhməd bəy Cavanşir “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” əsərində yazır: ”Mehrəli bəyin ölümündən sonra  müharibəni onun oğlu Məhəmməd bəy  davam etdirdi... O öz uşaqlığını İbrahim xana düşmən münasibət bəsləyən yaxın qohumlarının yanında keçirmişdi. İbrahim xanın düşmənləri Məhəmməd bəyin şəxsində öz mənafelərini əks etdirən bir hakimi görürdülər. Buna görə də onlar Məhəmməd bəydən bərk yapışmışdılar. Lakin o vaxtlar İbrahim xanı  hakimiyyətdən  salmaq və  Məhəmməd bəylə əvəz etmək çox da asan deyildi; buna görə də müxalifət əlverişli  şərait gözləyirdi.”   Əhməd bəy Cavanşir fikirlərini davam edərək xanın yaxın qohumu Mirzəli byin dilindən yazır:  “Onun atası (Mehrəli bəy R.G) daima sizinlə mübarizə edirdi; özü isə anasının sizə ərə getməsinə razı olmayıb onu öldürdü. Həmçinin sizə ən sədaqətli olan saray adamı Molla Pənahı da öldürdü; indi isə ölkəni beş ay idarə etdikdən sonra bu qədər təkəbbürlü və sərvətli olduğu halda, onun gələcəkdə dinc oturacağına kim zamin ola bilər?”
    
 Mirzə Yusif Qarabaği özünün məşhur“Tarixi Səfi” əsərində yazır: “İbrahim xan Ağa Məhəmməd  xanın qətl xəbərinin eşitdikdən sonra oğlu Mehdiqulu ağanı Qarabağa göndərdi. Bir azdan sonra onun ardınca böyük oğlu Məhəmmədhəsən ağanı da yola saldı. Özü də bir neçə həftədən sonra  Qarabağa gəldi və hakimiyyəti əlinə aldı. Qarabağ hakimi Məhəmməd bəyin hakimliyi dövründə Molla Pənah ilə öz arasında  olan ədavətə görə, fürsətdən istifadə edərək  Molla Pənahı oğlu ilə birlikdə qətlə yetirdi.”
   
 Həsən İxfa Əlizdənin “Şuşa çəhərinin tarixi “səlnaməsindən: “Şahın ölümünü yəqin etdikdən sonra İbrahimxəlil xan bir neçə ay Qarabağa gəlmədi. Bu dövrdə əlinə çoxlu  variyyət düşmüş Məhəmməd bəy Cavanşir cavanlıq qüruru ilə, eləcə də bir para dələduz müfəttin şəxslərin fitvasına  uyub hökmranlıq xəyalına düşdü   və asudə olmaq üçün” İbrahim xan tərəfdarı” hesab etdiyi şəxsəri sıradan çıxarmağa başlıdı.”
    
Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir...Onsuz da Vaqifdən şübhələnib onu öldürməyə bir bəhanə axtaran Məhəmməd bəyin əlinə əlverişli  imkan düşür. Məktubu əsas tutaraq Vaqifin öz oğlu Əli ağa ilə bir yerdə öldürülməsi haqqında əmr verir. Bununla kifayətlənməyən Məhəmməd bəy Vaqifin evini talan edib yandırır.”
    
“Ağa Məhəmməd şahın öldürülməsi nəticəsində Qarabağ hakimiyyəti  Məmməd bəyin əlinə keçdi...Vaqif yenə sarayda idi. Qarabağdakı vəziyyəti  yazıb İbrahim xana bildirmişdi... Məmməd bəy  hakimityyəti ələ almaqda Vaqifi öz qarşısında  ən böyük maneə hesab edib onu aradan qaldırmağı qət etdi. .. Vaqif oğlu Qasım ağa ilə tutulub Xəzinə qayasından atılmağa məhkum olundu.” (Yusif Vəzir Çəmənzəminli)
 
Yenədə istər-istəməz belə bir sual yaranır. Tarixi faktlara ( həqiqətlərə) gözardı edərərk Məmməd bəy Cavanşiri (Batmanqılıncı) mifləşdirmək, ondan qəhrəman obrazı yaratmaq nəyə və kimə lazımdır? Bəlkə xanlıqda əmisi İbrahim xanın tənbehlərinə baxmayaraq ipə-sapa yatmamasında, başının dəstəilə dəli-doluluq etməsində, anasını qətlə yetirməsində, Şuşada Qacardan “iltifat görməsində” (onda Vaqif zindanda yatırdı) Vaqifin günahı var? Bəs qoca şairin gözəl övrətini şərəfsizcəsinə ( bu günün etik dəyərləri ilə yanaşsaq) götürüb Şuşanı tərk etməsinə nə ad vermək olar?
   
Nümunələrdən göründüyü kimi bu  əsər və səlnamələrin heç birində elçilik və Vaqifin oğlu Əli bəylə Qarabağdan Qazağa qaçması barədə bir kəlmə belə yoxdur. Yalnız Mir Mehdi Xəzaninin “Kitabi Tarixi Qarabağ”dakı fikirlərdən başqa: ” Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün Muğanlı Cəmil ağanın ittifaqı ilə, Təklə Muğanlı həmçinin əslən Qazax elindəndir, ikisi də Tiflis canibinə getmişdilər. Ordan Qarabağa müaviyyət edən zamanda və yainki, bir rəvayətdə  Qarabağdan Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda Gəncə dağlarının həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat bilib, tutub öz ittifaqı ilə Ağaməhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu  tutub çoxdan qətlə yetirmək istəyirdi....Qəzara iş şöylə oldu ki, o gecə 
şahı öldürdülər. Molla Pənah salamat qurtardı...Ancaq  Məhəmməd bəyin əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum İbrahim xanın yanında sahibi –ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd bəy ona çox  hörmətlər elədi ki,  onun tədbiratı səbəbinə xandan bir para təmannaları var idi, əmələ gələ. Axund vasitəçilik eləyə,onu  İbrahim xana ziyadə yaxın qıla və bəlkə qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət qılmamışdı.”
     
Qarabağ xanına himayə və kömək vəd etmiş Ruisyanın iperatirçası Yekatrinanın  qəfil ölümü Qafqazda vəziyyəti tamam dəyişdi və vəziyyətdən istifadə edən Ağaməhəmməd şah Şuşaya yenidən hücuma hazırlaşmağa  başladı. Şuşa tarixinin bilicisi, yazıçı Yusif Vəzir Çəmənzəminli “Qan içində romanında yazır: “Vəziyyət çox ağır idi, indi Ağaməhəmməd şaha müqavimət göstərmək qətiyyən qabil deyildi. Barışmaq da ola bilməzdi, çünki düşmənçilik çox dərinləşmişdi. Vaqif yenə ümidini şimaldan kəsməyərək məsələni aydınlaşdırmaq istədi:- İrakli xan Rusiyyəyə bizdən yaxındır,- dedi- hər haldda gedib, bir onun da fikrini bilmək lazımdır.
Xan  bu fikrə razı oldu. Tiflisə getməyi Vaqifin özünə və muğanlı Cəmil ağaya tapşırıb dedi: gedin görək, hal-qəziyyə nə minval üzrədir... 
 
Vaqif ilə Cəmil ağanı o biri gün Tiflisə yola saldılar.”
     Beləliklə:
     
Əvvəla onu vurğulamaq istərdik  ki, hadisələri tarixi kontekstdən ayırmaq, dövrün münasibətlər (etik, sosial, ictimai-siyasi, şəxsi...) ierarxiyasını nəzərə almamaq nə etik, nə də tarixi baxımdan doğru hesab edilə bilməz.
      
Vaqiflə Məhəmməd bəy arasında münasibətlərin gərgin olmasının cəbəbləri aşağıdakılar idi.   Birincisi, Məhəmməd bəy  Vaqifin İbrahim xana çox yaxın olması səbəbindən onu  həmişə xana qısqanır və hakimiyyət iddiasında olduğu üçün bu yolda onu özünə ən böyük maneə hesab edirdi;
     
Həsən İxfa Əlizadə yazır:“Məhəmməd bəy  hər kəsdən artıq  Molla Pənah Vaqifdən qorxur və ondan şübhələnirdi. O, Vaqifin xalq arasındakı nüfuzunu yaxşı bilirdi. Vaqif həm də İbrahim xana sadiq  bir vəzir idi.”
      
İkincisi, Məhəmməd bəy Vaqifin  ikinci arvadı, ondan yaşca xeyli cavan və baxımlı olan Qızxanıma gözü düşmüşdü və onu almaq istəyirdi. Lakin Qızxanım ona cavab vermişdi ki, nə qədər ki, Vaqif sağdır bu sövda baş tuta bilməz və bu səbəbdən Məhəmməd bəy Vaqifi aradan götürmək üçün bəhanə axtarırdı;
     
Üçüncüsü, Məhəmməd bəy İbrahim xanın qızı, ağıl, kamal və gözəllikdə məşhur olan Ağabəyim Ağanı almaq üçün Vaqifdən elçi getməsini xahiş etmiş, lakin Vaqifdən rədd cavabı almışdı.
     
Məhəmməd bəy bu səbəblərdən Vaqifi aradan götürmək üçün bəhanə axtarırdı və bu bəhanə də ələ düşdü.    “Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir. Molla Pənah Vaqif Ağa Məhəmməd şahın ölmü ilə əlaqədar İbrahim xanı təbrik edir... onu tezliklə Şuşaya çağırırdı. Onsuz da Vaqifdən şübhələnib onu öldürməyə bir  bəhanə  axtaran Məhəmməd bəyin əlinə əlverişli imkan düşür. Məktubu əsas tutaraq Vaqifin öz oğlu Əli ağa ilə öldürülməsi haqda əmr verir. Bununla kifayətlənməyən Məhəmməd bəy Vaqifin evini talan edib yandırır”. ( Həsən İxfa Əlizadə)
    
 Vaqifin oğlu Əli bəylə guya xəbərsiz- filansız Qazax- Bəyazidə qaçması ilə bağlı isə  fakt budur ki, hələ İbrahim xan ailəsi və ətrafı ilə birlikdə Şuşanı tərk etməmiş , Qacarın hücumundan qorunmaq üçün Gürcü çarı İraklidən kömək almaq məqsədilə Vaqifi həmyerlisi Cəmil bəylə birlikdə Tiflisə göndərilmişdilər, Qarabağa qayıdanda isə vəziyyət tamam dəyişmiş və onu tutub Qacarın hüzuruna gətirmişdilər. Bu dəlillər Mehriban Vəzirin araşdırmasında gətirdiyi faktları təkzib edir.    
      
Görünən odur ki, deyəsən 44 günlük Vətən müharibəsindəki qələbədən sonra mədəniiyyət paytaxtımız Şuşada, şəhərin tarixi-mədəni  və ədəbi simvollarından bir olan Vaqifin məqbərə kompleksinin bərpası, adidəsinin qoyulaması, Vaqif poeziya günlərinin böyük təntənə ilə keçirilməsi kimlərinsə , o cümlədən Mehriban Vəzirin  “tartixi-sentimental fərziyyəsi”nə  uyğun gəlmir.
   
Vaqifin taleyi də dövrü  qədər mürəkkəb, faciəli və çox maraqlıdır. Böyük yazıçı Yusif Vəzirin bu fikrləri hələ də öz qüvvəsindədir: ”İndiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda  tarixi materiallarla  bərabər bir çox uydurma şeylər var. Buna səbəb ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması  və tarixçilərimizin fəaliyyət göztərməməsidir. Halbuki Vqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qusurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir...Məncə Vaqifi dövrü ilə bərabər qavramaq üçün dərin bir tədqiqat lazımdır”. Haqlı sözə nə deyəsən.

Ramiz Göyüş
Yazıçı-publisist